Bu gün hər bir Azərbaycan vətəndaşı ordumuza inanır və onunla fəxr edir

Bu gün hər bir Azərbaycan vətəndaşı ordumuza inanır və  onunla fəxr edir
Azərbaycan özünün dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami, mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu.
1991-1993-cü illər arasında Azərbaycanda ordu pərakəndə qruplardan ibarət idi. Vahid komandanlıq olmadığından bu qrupları birləşdirmək mümkün deyildi. Nəticə nə oldu? Bunu artıq hamımız bilirik. Ulu Öndər Heydər Əliyev dövlətin möhkəm təməllər üzərində durması üçün ilk növbədə ordu quruculuğunun vacibliyini hər şeydən öndə görürdü. Məhz buna görə də 1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra, Azərbaycanda Milli Ordusunun formalaşdırılmasına start verildi. Ordu quruculuğu işinə hər zaman böyük həssaslıq və xüsusi diqqətlə yanaşan Ulu Öndər 1998-ci il may ayının 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün - 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı. 1999-cu il fevral ayının 20-də isə, Ümummilli Lider Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamaqla, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesini keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə çıxardı.
Azərbaycan Ali Hərbi Məktəbinin 2001-ci ildə baş tutmuş birinci buraxılışına həsr olunan mərasimdə etdiyi nitqində Ümummilli Lider Heydər Əliyev demişdir: "Azərbaycan əsgəri, Azərbaycan zabiti gərək yüksək mənəviyyata malik olsun. Azərbaycan xalqının yüksək mənəvi dəyərləri ilə yaşasın. Vətənpərvərliyi, Vətəni sevməyi, Vətən yolunda şəhid olmağı daim gözünün önündə saxlasın". Ulu Öndərin rəhbərliyi ilə 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən parlaq nəticələrindən biri də, bu gün getdikcə artan və qüdrətlənən, gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Bu siyasət bu gün də inamla davam etdirilir.
Bu gün Ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə daha da modernləşdirilmiş Azərbaycan ordusu bütün Qafqaz regionunda və eləcə də dünyada qabaqcıl sıralardadır. 2020-ci il sentyabr ayının 27-də şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin əmri ilə düşmən təxribatına son qoymaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Bu qələbə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Cənab Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu ordu quruculuğunun nəticəsi idi. Bu gün hər bir Azərbaycan vətəndaşı ordumuza inanır və onunla fəxr edir.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev

Oxşar xəbərlər