Zəfərin əldə olunması üçün uzun illər ərzində müvafiq tədbirlər görülmüş, məqsədyönlü addımlar atılmışdı

Zəfərin əldə olunması üçün uzun illər ərzində müvafiq tədbirlər görülmüş, məqsədyönlü addımlar atılmışdı



Ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə iqtidar Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalanmışdır. Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi. Bəs bu qərarın verilməsini hansı amillər şərtləndirmişdir?
Hal hazırkı dövrdə dünyada və regionda baş verən proseslərə baxdıqda 6 il əvvəl verilmiş qərarın əhəmiyyəti aydın olur. Hər şeydən əvvəl, Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Digər tərəfdən, yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını zəruri edirdi. Regional və qlobal miqyasda proqnozlaşdırılmayan proseslər getdiyindən keçirilən demokratik seçkilər həm də Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirəcəkdi.
Zaman bu qərarın nə qədər yerində və vaxtında verilmiş olduğunu göstərdi. Bu tarixi hadisədən cəmi iki il yarım sonra, 2020-ci ilin sentyabrın 27-dən etibarən apardığımız 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq öz torpaqlarımızı işğaldan azad etdik və bununla da şanlı tariximizin ən şərəfli səhifəsini yazdıq. Əlbəttə ki, bu tarixi Zəfərin əldə olunması üçün uzun illər ərzində müvafiq tədbirlər görülmüş, məqsədyönlü addımlar atılmışdı. Bu illər ərzində aparılan siyasətin uğurları təkcə torpaqlarımızın azad olunması ilə məhdudlaşmır. Azad olunmuş ərazilərin infrastrukturunun yenidən qurulması, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində dövlət proqramları icra olunur. Bununla yanaşı ölkəmizin beynəlxalq səviyyədə də nüfuzu ilbəil artmaqdadır. Təsadüfi deyil ki, paytaxt Bakıda bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, Cənab İlham Əliyevin regionun taleyüklü məsələləri ilə bağlı yüksək səviyyəli görüşlərdə mütəmadi iştirakı və əsas söz sahibi olması ölkəmizin nüfuzundan xəbər verir. Məhz buna görə də əminliklə qeyd etmək olar ki, Azərbaycanda 2018-ci ilin 11 aprel tarixində keçirilmiş növbədənkənar Prezident seçkiləri dövlətin və xalqın milli mənafeləri baxımından son dərəcə böyük əhəmiyyətə malik olan hadisə idi.

Sabunçu qəsəbəsi, 68 N-li tam ort məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər