Özünü demokratik adlandıran ölkələr bu vəhşiliyi sükutla qarşıladı

Özünü demokratik adlandıran ölkələr bu vəhşiliyi sükutla qarşıladı
Azərbaycanım! Odlar yurdum! Misilsiz gözəlliyini şairlər zaman-zaman vəsf etməyə çalışıblar, amma qələmə, dəftərə sığdıra bilməyiblər! Çünki ecazkar hüsnünü duymağa özün boyda ürək lazımdır, dəftər, qələm yox. Olsa-olsa, dəryadan bir damlaya gücümüz çatar hisslərimizi dilə gətirsək.
Hərdən fikirləşirəm ki, bəlkə də gözəlliyin, sərvətin olmasaydı, düşmənlərin də az olardı. Amma yox! Düşmən elə düşməndi...
İşıldaquş meşənin heyvanlarından soruşur ki, mən ki sizə heç nə etmirəm. Niyə hər gələn məni yemək istəyir? Deyirlər ki, çünki sənin işığın bizi rahatsız edir.
Elə işığın hamını narahat etdiyinə görə başın bəlalıdır. Şəhidlərin qanı ilə suvarılıb torpağın.
Başının çəkmədiyi bəlamı var? Hansını deyim? Bir əsrdə üç soyqırıma məruz qaldığınımı deyim? Yoxsa məcburi köçkün həyatındanmı danışım?...
Bu gün Xocalımdan danışmaq istəyirəm. Qarabağın dilbər guşəsindən!
Şəhər başına gələcək fəlakətdən xəbərsiz halda uyuyurdu: Körpələr mışıl-mışıl yatırdı. “Arxalı köpək qurd basar” deyiblər. Rusların 366-cı motoatıcı alayının köməyi ilə azğınlaşmış ermənilər 1992-ci ilin fevralından 25-dən 26-na keçən gecə Xocalı şəhərinə basqın etdilər. Xocalı şəhəri yandırıldı, uşaqlar yetim, gəlinlər dul qaldı. Bununla da düşmənin ürəyi soyumadı. Sağ qalan, ayaqyalın, başıaçıq əhaliyə də pusqu quruldu. Qarlı dağlara qaçıb canını qurtarmağa çalışan insanlar gülləbaran edildi. Yaralılar donub öldü. Sağ qalmağı bacaranların isə ayaqlarını don vurdu. Misli görünməmiş dəhşət yaşandı.
Erməni faşistləri kitab yazaraq Xocalı sakinlərinə necə divan tutduqlarından, qulaq eşitməmiş cəzalardan danışdılar, dünya dillənmədi. Şahidlər danışdı, dünya eşitmədi.
Xocalı - arxadan atılan güllə,
Xocalı - xalqımın faciəsidir.
Xocalı günahsız soydaşlarımın,
Qisas çağırışı, fəryad səsidir.
Faşistlərin əməllərini dünya gördü, amma bu soyqırımı görməzdən gəldi, özünü demokratik adlandıran ölkələr bu vəhşiliyi sükutla qarşıladı, kor oldu.
“Hər qaranlıq gecənin bir gündüzü var”... Nə yaxşı ki “Dəmir yumruq” işə düşdü. 44 günlük müharibədə ilanın başı əzildi. İgid oğullarımız sərkərdəmizin başçılığı ilə qisası qiyamətə qoymadı. İşğal altında olan torpaqlarımız geri alındı. Azərbaycan qanla öz Zəfərini yazdı.
Xocalı şəhidlərinin də ruhu sevindi . Həmişə yuxularında qan-qada görən xocalılar indi güllü-çiçəkli baharla müjdələşirlər və azad nəfəs alırlar, işğaldan qurtulmuş Qarabağ kimi ...

Sabunçu qəsəbəsi, 215 №li tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəmalə Həsənova

Oxşar xəbərlər