İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-la aparılacaq nüvə danışıqları çərçivəsində Maskat, Oman paytaxtına səfər edib. Danışıqlar regionda misli görünməmiş hərbi-siyasi gərginlik fonunda keçirilir.Məlumata görə, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcı qruplaşmalar, strateji bombardmançı aviasiya və əlavə qüvvələr İran ətrafında və Yaxın Şərqdə yerləşdirilib. Bu hərbi aktivlik Vaşinqtonun Tehrana qarşı açıq təzyiq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. ABŞ administrasiyası diplomatik danışıqlardan konkret nəticə almaq üçün güc faktorunu paralel şəkildə gündəmdə saxlayır.
Diplomatik mənbələrin bildirdiyinə görə, Vaşinqton İranın nüvə proqramı üzrə öhdəliklərə ciddi şəkildə əməl etməsini, zənginləşdirmə səviyyəsinin məhdudlaşdırılmasını və beynəlxalq nəzarət mexanizmlərinin bərpasını tələb edir. ABŞ tərəfi açıq şəkildə xəbərdarlıq edir ki, əgər danışıqlarda irəliləyiş əldə olunmazsa və Tehran razılaşma şərtlərini qəbul etməzsə, hərbi ssenari yenidən gündəmə gələ bilər.
Danışıqlarda İran nümayəndə heyətinə Abbas Əraqçı rəhbərlik edir. O, uzun illər İranın nüvə diplomatiyasında əsas fiqurlardan biri olub və əvvəlki razılaşmaların hazırlanmasında birbaşa iştirak edib. ABŞ tərəfdən isə danışıqlarda Prezident administrasiyasının xüsusi nümayəndəsi, Yaxın Şərq və İran dosyesi üzrə əsas fiqur hesab olunan Stiv Uitkoff və onun komandası iştirak edir. Görüşlər Omanın vasitəçiliyi ilə, qapalı formatda keçirilir.
Rəsmi Tehran bəyan edir ki, danışıqlar yalnız nüvə proqramı mövzusu ilə məhdudlaşmalıdır və ballistik raketlər, eləcə də İranın regiondakı müttəfiq qruplarla münasibətləri müzakirə predmeti ola bilməz. Vaşinqton isə bu mövqeni kifayət qədər hesab etmir və daha geniş razılaşma modelində israr edir.
Musavat.com-a görə, Maskat danışıqları ya gərginliyin azaldılması üçün son diplomatik imkanlardan biri olacaq, ya da əksinə, razılaşmanın baş tutmaması Yaxın Şərqdə yeni və daha təhlükəli mərhələnin başlanğıcına çevrilə bilər.