Bəzən bir səfər təkcə diplomatik hadisə deyil, həm də bəşəri dəyərlərin təntənəsinə çevrilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri və bu səfər çərçivəsində paytaxt Əbu-Dabi şəhərində nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi məhz belə tarixi məqamlardan biridir. Bu mükafat yalnız bir liderə təqdim olunan ali təltif deyil, eləcə də sülhün, humanizmin, tolerantlığın və insan ləyaqətinə hörmətin beynəlxalq miqyasda təntənəsidir. Dövlətimizin başçısının bu ali mükafata layiq görülməsi Azərbaycan dövlətinin və xalqının əsrlər boyu formalaşmış multikultural həyat tərzinin, müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birgəyaşayış modelinin dünyaya təqdim olunması deməkdir.
Azərbaycan tarixən sivilizasiyaların qovuşuğunda yerləşən, fərqlilikləri qarşıdurma deyil, zənginlik kimi qəbul edən bir ölkə olmuşdur. Bu gün isə həmin dəyərlər Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının qorunması Azərbaycanda yalnız konstitusion norma deyil, eyni zamanda mənəvi həyat fəlsəfəsidir.
“Zayed İnsan Qardaşlığı Mükafatı” mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın humanist ideallarını yaşadan, dünyada sülhü, dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq edən ali bir beynəlxalq platformadır. Bu mükafatın məhz Azərbaycan Prezidentinə təqdim edilməsi ölkəmizin qlobal sülh gündəliyində tutduğu mövqenin, beynəlxalq etimadın və yüksək nüfuzun parlaq göstəricisidir.
Əbu-Dabidə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, insan qardaşlığı ideyası onun siyasətinin mərkəzində dayanır. Ölkə başçısı çıxışında vurğuladı: “İlk növbədə, bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir.
Vüqar Musayev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi