Prezident İlham Əliyevin Əbu-Dabi səfəri xüsusi əhəmiyyət daşıyır

Prezident İlham Əliyevin Əbu-Dabi səfəri xüsusi əhəmiyyət daşıyır
Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin yeni istiqamətlər üzrə imkanların yaradılması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkir. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərir. Azərbaycan-BƏƏ əlaqələrinin inkişafında enerji sektorunun xüsusi payının olması şübhəsizdir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən də yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. O da məlumdur ki, iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən, dünyanı Bakıya toplayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edilmişdir. İki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. 2022-ci ilin martında “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər regionunda və MDB məkanında ən böyük Günəş elektrik stansiyasının - Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyuldu. 2023-cü ilin oktyabrında istifadəyə verilən Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı dost Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanın əlaqələrinin yüksək səviyyəsini bir daha vurğulayan Prezident İlham Əliyev bildirdi ki, bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var.
Ölkələrimiz arasında əlaqələrin inkişafında hüquqi baza olan sənədlərin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri zamanı da Prezidentlərin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalandı. Həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalandı. Prezidentlərin görüşündə bu sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklər ifadə edildi.
Natiq Musayev-Bakı Dövlət Sosial İqtisad Kolleci-Təcrübə rəhbəri

Oxşar xəbərlər