Azərbaycan–BƏƏ əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəlib

Azərbaycan–BƏƏ əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəlib Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri strateji coğrafi mövqeləri, zəngin enerji resursları və balanslaşdırılmış xarici siyasət kursları ilə oxşar inkişaf modelinə malik dövlətlərdir. Hər iki ölkə beynəlxalq münasibətlər sistemində etibarlı, praqmatik və dialoqa açıq mövqeyi ilə seçilir, eyni zamanda, qlobal proseslərin tənzimlənməsində neytral və etibarlı platforma kimi qəbul olunur. Görüşün ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi münasibətilə təbrik olunmasıdır. Öz növbəsində Prezident İlham Əliyev göstərilən diqqətə və yüksək mükafata görə minnətdarlığını ifadə edib, Zayed Fondunun fəaliyyətini və xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zeyd ibn Sultan Əl-Nəhyanın humanitar irsinin təşviqi istiqamətində görülən işləri yüksək qiymətləndirib. Adətən bu cür mükafatlar dövlətlərarası münasibətlər kontekstində təqdim olunur. Lakin "Zayed İnsan Qardaşlığı Mükafatı" xüsusi əhəmiyyət daşıyır və Birləşmiş Ərəb Əmirliklərində ən ali mükafatlardan biri hesab olunur. Bu mükafatın cənab Prezidentə təqdim edilməsi Birləşmiş Ərəb Əmirlikləri üçün Azərbaycanın əhəmiyyətini, eyni zamanda Prezident İlham Əliyevin şəxsi nüfuzu vasitəsilə dövlətlərarası münasibətlərə verdiyi töhfəni bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin sülhə və sabitliyə xidmət edən liderliyi təkcə qlobal müstəvidə deyil, regionumuzda da real və ölçülə bilən nəticələr verməkdədir. Ötən il “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanması ölkəmizin qətiyyətli və məsuliyyətli siyasətinin növbəti təzahürü olmaqla, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunması üçün möhkəm zəmin yaratmışdır. Tarixi əhəmiyyət daşıyan bu sənəd dövlətimizin başçısının uzaqgörən, prinsipial diplomatik təşəbbüslərinin və regionda sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl mövqeyinin bariz göstəricisi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nı qəbul etməsi təkcə bir siyasi liderin uğuru deyil, bu, Azərbaycanın sülhə, humanizmə və bəşəri həmrəyliyə verdiyi töhfənin beynəlxalq səviyyədə tanınmasıdır. Bu hadisə bir daha təsdiqləyir ki, Azərbaycan bu gün yalnız regional güc deyil, eyni zamanda, qlobal dəyərlərin daşıyıcısı və təşviqçisidir. İnsan qardaşlığına xidmət edən bu liderlik nümunəsi Azərbaycan xalqının mənəvi gücünü, tolerant düşüncəsini və gələcəyə inamını dünyaya bir daha nümayiş etdirdi.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər yeni inkişaf mərhələsinə daxil olmuşdur. Prezident İlham Əliyevin liderliyi ilə formalaşdırılan bu möhkəm siyasi kurs qarşıdakı illərdə də strateji tərəfdaşlığın daha da genişlənməsinə, əməkdaşlığın yeni sahələr üzrə dərinləşməsinə və hər iki ölkənin milli maraqlarına uyğun davamlı nəticələrin əldə olunmasına əlverişli zəmin yaradır.
Namiq Muradov - YAP Sabunçu rayon təşkilatının fəal üzvü

Oxşar xəbərlər