Azərbaycan mövqeyini daha da möhkəmləndirib

Azərbaycan mövqeyini daha da möhkəmləndirib
Azərbaycan yerləşdiyi regionda əlverişli coğrafi relyefə malik olmaqla yanaşı, zəngin mineral resursları ilə də dünyanın diqqət mərkəzindədir. Xüsusilə də, Xəzərin Azərbaycan sektorunda yerləşən karbohidrogen ehtiyatları ilə zəngin yataqları daha perspektivli və uzunömürlü olması ilə diqqəti cəlb edir. Respublikamızda neft hasilatı sənayesinin tarixi XIX əsrə gedib çıxsa da, qaz sənayesinin tarixi əsasən ötən əsrin ortalarından başlayır.
Qaz resursları əsasən dənizdən hasil olunur, amma bununla yanaşı, bu yanacaq növünə quruda da rast gəlmək mümkündür. Xüsusilə də, Balaxanının aşağı hissəsində daha məhsuldar qaz qatları mövcuddur. Bundan başqa, Balaxanı, Sabunçu, Ramana, Suraxanı, Qaraçuxur, Zığ ərazilərində yerin təkində qaz resursları var. Buradan hasil olunan yanacağın həcmi isə ümumi hasilatda çox cüzi paya malikdir. Zəngin qaz ehtiyatlarına malik olan Azərbaycan enerji resurslarının nəqlində diversifikasiya siyasətini genişləndirərək Avropanın bir çox dövlətlərinə yanacaq ixracını artırıb.
Respublikamız dünyada təchizatçı kimi mövqeyini daha da möhkəmləndirib. Avropa yalnız Xəzərin Azərbaycan sektorundan hasil olunan qazı Bakı-Tbilisi-Ərzurum-Yunanıstan-Balkan qaz marşrutu ilə ixrac etməklə ildə 20 milyard kubmetrdən çox yanacaq əldə edəcək. Azərbaycan təkcə “Şahdəniz” yatağından ildə 15 milyard kubmetr qaz ixrac edəcək. Digər yataqlardan, məsələn, “Bahar”, “İnam”, “Alov”, “ümid” kimi perspektiv yataqlardan çıxarılan qazın nəqli isə ölkəmizin ildə 20-30 milyard kubmetrdən çox yanacaq ixrac etməsinə imkan verəcək. Bütün bunlar bir daha Azərbaycanın qaz ixracı üçün marşrut probleminin olmamasını təsdiqləyir. Azərbaycan yeni inkişaf mərhələsində özünün enerji siyasətində qarşılıqlı maraqların təmin olunmasına və bölgədə sülhün, təhlükəsizliyin dərinləşməsinə impuls verən siyasəti gücləndirmək niyyətindədir.

Balaxanı qəsəbəsi 259 sayılı tam orta məktəbin
ibtidai sinif müəllimi Rəna Xudayeva


Oxşar xəbərlər