Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları var

Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları var Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin cari ilin 1 iyun tarixində rəsmi açılış mərasimində çıxış edib. Çıxışında bir sıra vacib məsələlərə toxunan Cənab Prezident İlham Əliyev bu gün ölkəmiz üçün həyati önəm daşıyan çoxşaxəli tranzit xətləri haqda danışıb. O bildirib ki : “Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırılır. Hər bir məsələdə şaxələndirmənin vacib olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Bu səbəbdən vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər fikirlərini dəyişəcəklər. Biz artıq müəyyən eyhamlar görürük və biz buna hazırıq. Biz köməyə ehtiyacı olan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün bizdə siyasi iradə var. Hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub”. Prezident qeyd edib ki, bundan əlavə, Azərbaycan zəruri infrastruktura - yeni dəniz limanına, bütün istiqamətlərlə dəmir yolu xətlərinə, avtomobil yollarına və hava limanlarına malikdir. “Azad olunmuş ərazilərdə üç yeni hava limanımız olacaq. Onlardan biri artıq istifadəyə verilib. Beləliklə, Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Nəhayət ölkəmizin coğrafi yerləşməsi, yəni, neft və qaz sahəsində əməkdaşlıqla bağlı planlar qurarkən Azərbaycanın tranzit potensialı nəzərə alınmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Qısa müstəqillik tarixində respublikamızda Xəzərin Azərbaycan sektorundakı yataqların işlənməsinin həyata keçirilməsi ilə paralel şəkildə, transmilli şirkətlərlə imzalanan müqavilələrin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan hasilatı beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib. 1997-ci ilin sonlarında neftin əsaslı şəkildə bərpa olunan Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixracına başlanılıb. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas ixrac neft kəmərinin - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb. Bununla yanaşı cari ilin 4 ayı ərzində respublikamızda ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz çox olmaqla 15,7 milyard kubmetr təbii qaz hasil edilib. Xaricə qaz ixracı da artaraq 7,6 milyard kubmetrə çatıb. Hazırda məlum geosiyasi gərginliklər fonunda Avropanın “mavi yanacaq”a olan tələbatı artıb. Azərbaycan isə yeni yataqları istismara verməklə “qoca qitə”yə daha çox həcmlərdə qaz nəql etmək imkanına malik ölkədir.
Azərbaycanın hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region və Avropa İttifaqı məkanı üçün önəmini artıran faktorlar qismində çıxış edir. Bu isə dövlətimizin başçısı Cənab İlham Əliyevin siyasi iradəsinin nəticəsidir.
Sabunçu qəsəbəsi, 68 №-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev



Oxşar xəbərlər