Azərbaycan Avropa üçün həyat mənbəyinə çevrilir

Azərbaycan Avropa üçün həyat mənbəyinə çevrilir Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.
IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək.
Onu da qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır.
Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib.
Ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir. Bununla yanaşı, enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atılmaqdadır.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti bildirib ki, Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub: “Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır”.
Artıq neçə illərdir ki, etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Bununla yanaşı, Azərbaycan qaz hasilatını artıraraq, öz tərəfdaşlarını təbii qazla təmin etmək üçün bütün imkanlardan istifadə edir.
Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memoranduma toxunan dövlət başçımız bildirib ki, bu sənədin böyük əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq.
“Bu ilin iyul ayında biz xanım Prezident Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox əhatəli sənəddir, ona əsasən, 2027-ci ilə qədər biz təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırırıq və bunu etməyə tam potensialımız var.
Biz TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla artıq məsləhətləşmələrə başlamışıq. Çünki bu olmadan əlavə təchizatı təmin etmək çətin olacaq” – deyə, İ.Əliyev bildirib.
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir.
Biz, enerji ixrac edən ölkə olaraq, təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunması planlaşdırılır. SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb.
Yeni geosiyasi vəziyyəti nəzərə alaraq, nəqliyyat təhlükəsizliyin təmin olunması önəmli məsələdir. Ümumiyyətlə, enerji məsələsi, Prezident İlham Əliyevin tədbirdəki çıxışında dediyi kimi, “milli təhlükəsizlik məsələsidir.” Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır - dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı. Bütün bu infrastruktur obyektləri ölkəmiz üzərindən tranzit yüklərin həcmini artırmaq məqsədi güdür.
2022-ci ildə Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəmin daha da böyük olacağı gözlənilir. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar.
Ölkələrimiz arasında əməkdaşlıq üçün yeni imkanlar və yeni istiqamətlər araşdırılacaq. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaq. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta
məktəbin direktoru Gültəkin Rüstəmova

Oxşar xəbərlər