Ermənilər daima öz mənfur əməllərini Azərbaycan xalqına qarşıtətbiq ediblər

Ermənilər daima öz mənfur əməllərini Azərbaycan xalqına qarşıtətbiq ediblər 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
1988-ci ildən ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş təxribat xarakterli qırğınlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi, eləcə də ona bitişik 7 rayonu işğal edilib, beləliklə, Azǝrbaycanın 20 faiz ərazisi zəbt edilib, yüz minlərlə soydaş qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.
Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.
1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.
Soyqırımı xüsusi qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Dinc azərbaycanlı əhali diri-diri su və neft quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərilə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan tarixçisi Rəşid bəy İsmayılov yazırdı: “İş o yerə çatmışdı ki, daşnaklar “biz, bolşevik, sosialist bilmərik, müsəlmansan, kifayətdir”, – deyə hətta müsəlman sosialistlərini belə qırdılar...”.
Soyqırımının gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. “Açıq söz”, “Kaspi” qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı. Qüvvələr bərabər olmadığı üçün martın 31-də azərbaycanlılar döyüşü dayandırmağa məcbur oldular. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam etdirildi. Qırğınlar yalnız aprelin 2-də dayandırıldı.
Böyük Britaniya nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda yazılırdı ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər. İngilis mənbələrində yazılır ki, mart ayında Bakıda müsəlman əhalinin dörddə biri öldürüldü. Həmin dövrün statistik məlumatlarından aydın olur ki, bu zaman Bakıda təqribən 280-300 min nəfər əhali yaşayırdı. Onun təqribən 80-100 min nəfəri azərbaycanlı, digərləri isə çarizmin müstəmləkə siyasəti nəticəsində şəhərə yerləşdirilənlər idi. Deməli, 80-100 min nəfər azərbaycanlı əhalinin dörddə biri 20-25 min nəfər edir. Bu rəqəm bəzi amerikan mənbələrində yazılanlar ilə eyniyyət təşkil edir.
Ermənilər daima öz mənfur əməllərini Azərbaycan xalqına qarşı tətbiq ediblər. Daima bu xalqa qarşı soyqırım siyasəti yeridiblər. 1905-ci ildə də bu xalqa qarşı vəhşilik nümayiş etdirmişdilər. Hər zaman, nədənsə dünya bu vəhşiliyi görməzdən gəlmişdir. Bu gün torpaqlarmızı Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin səyi nəticəsində azad etmişik. Dünyaya bu xalqın gücünü və qeyrətini bir daha nümayiş etdirmiş olduq.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Xəyalə Ağayeva

Oxşar xəbərlər