
Rayon Heydər Əliyev Mərkəzində baş tutmuş açılış mərasimində çıxış edən Daşkəsən rayon İcra hakimiyyətinin məsul işçisi Elmar Əliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Daşkəsən rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Daşkəsən nümayəndəliyinin direktoru Kənan İbrahimov rayonun gənclərini əlamətdar hadisə münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, gənclər üçün dövrün tələblərinə uyğun yaradılan imkanlardan danışaraq gəncləri həmin imkanlardan istifadə etməyə dəvət ediblər. Bildirilib ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin məqsədi gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir.
Yeni yaradılan nümayəndəlikdə rayon gənclərinin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq, eyni zamanda gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.
Çıxışlarda daşkəsənli gənclərə “Gənc könüllü” Proqramına qoşulmaq tövsiyə olunub və onları maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə şəkli çəkilib.
Elmar Əliyev- Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini