Ziyəddin Əliyev: Azərbaycan—Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir

Ziyəddin Əliyev: Azərbaycan—Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev - Tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayacaq, gələcək nəsillərə örnək olmaqla onların yolunda əbədi məşələ çevriləcəkdir. Adı müasir bəşər tarixinə qızıl hərflərlə həkk olunmuş xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev də məhz belə dahi şəxsiyyətlərdəndir.
Ulu öndərimizin hələ sağlığında əfsanəvi, xarizmatik liderə çevrilməsində onun həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bunun sayəsində ulu öndər daima hadisələrin fövqündə olmuş, idarəçilik qabiliyyətini reallaşdırmış, fenomen lider imicini qorumuşdur.
Ziyəddin Əliyev: Azərbaycan—Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir








Ümummilli liderimizin şəxsiyyəti və fəaliyyətinin mahiyyətinin dərk olunması 40 ilə yaxın müddətdə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 ilə yaxın tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Bu dahi şəxsiyyət zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Hər bir fərdin maraq və mənafeyini özündə yüksək səviyyədə əks etdirən Heydər Əliyev siyasi kursunun davam etdirilməsi də bu mənada Azərbaycanda cəmiyyətin sosial sifarişinə çevrilmişdir.
Nüfuzlu siyasi liderlər bir qayda olaraq ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər. Ulu öndərin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti xüsusi vurğulanmalıdır. Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə öz liderinə inanır, əminliklə öz liderinin ən çətin dövlətçilik sınaqlarından üzüağ çıxacağını bilirdi. Tale 1993-cü ildə Azərbaycan xalqını növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı.
Ümummilli liderimiz xalqın çağırışına müsbət cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır. Üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək, fədakarlıq, işgüzarlıq, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi fövqəl keyfiyyətlərdən məharətlə bəhrələnən Heydər Əliyev xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Ümummilli liderimizin siyasi cazibəsi, fenomen yaddaşı, iti məntiqi, gərgin siyasi vəziyyətlərdən ustalıqla çıxmaq bacarığı, mürəkkəb siyasi situasiyalarda qərar vermək qabiliyyəti, uzaqgörənliyi, intellektual gücü, sabaha analitik baxışı, güclü rəhbərlik xüsusiyyəti və səriştəsi onun siyasi portretinin parlaq cizgiləridir.

Ziyəddin Əliyev: Azərbaycan—Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir










Müstəqil Azərbaycan dövlətinin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət ümummilli lider, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsusdur. Bugünkü azad və suveren Azərbaycan ulu öndərin şah əsəridir. Ölkə məhz onun müəyyən etdiyi siyasi kursla irəliyə doğru davamlı olaraq uğurlu addımlar atır. Azərbaycanın ən yeni tarixinin 40 ilə yaxın bir mərhələsi Heydər Əliyevin titanik fəaliyyəti ilə bağlıdır. Bu dahi şəxsiyyətə ehtiram və ümumxalq sevgisi əbədidir. Çünki bu böyük insan bütün həyatı boyu Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə mübarizə aparmış, bu yolda taleyin sərt sınaqlarından alnıaçıq, üzüağ çıxmışdır.
Ulu öndər olduqca iti zəkaya, sağlam düşüncə tərzinə malik bir insan idi. Heydər Əliyev fenomeninə, onun tarixi xidmətlərinə, xilaskarlıq və quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət veriblər. İngiltərənin keçmiş baş naziri M.Tetçerin qənaətinə görə, Heydər Əliyev zəmanəmizin ən görkəmli siyasi xadimlərindən idi. Dünyanın ən məşhur dövlət xadimlərinin portretlərinin müəllifi görkəmli rəssam Nikos Safronov ulu öndərin 80 illik yubileyi münasibətilə portretini çəkərkən dahi rəhbərlə ünsiyyətdə olmuş və bu qənaətə gəlmişdir ki, Heydər Əlirza oğlu Əliyev Tanrının yaratdığı möcüzədir, belə şəxsiyyətlər min ildə bir dəfə dünyaya gəlir.

Heydər Əliyev sanki dünyaya elə xalqı üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişafı üçün çəkdiyi min bir əziyyət onun tale və ömür yolu olmuşdur. Qısa zaman kəsiyində ulu öndər respublikanı yetərincə tanıdaraq ona iqtisadi və siyasi nüfuz qazandırmışdır. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdır: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Ziyəddin Əliyev: Azərbaycan—Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir










Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib-tükənməz, Vətənə, xalqa olan məhəbbəti hədsiz hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. O, dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ümummilli lider əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər Müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir. Dahi və əzəmətli şəxsiyyətin yolunun davamı müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaş üçün firavan və rahat həyat şəraitinin yaradılması deməkdir. Heydər Əliyevin başladığı işləri davam etdirmək, qurduğu dövləti yeni-yeni uğurlara çatdırmaq onun ruhu qarşısında ən ümdə borcumuzdur.
Bu gün hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Azərbaycan—Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər müdriklik simvoluydu.
Ümummilli liderimiz bu gün cismən aramızda olmasa da, təsəllimiz odur ki, Heydər Əliyevin sönməz ideyalarının davamçısı olan layiqli siyasi varis, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə addımlayırıq. Bu isə o deməkdir ki, dövlətimiz etibarlı əllərdədir.


Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev

Ziyəddin Əliyev: Azərbaycan—Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir

Oxşar xəbərlər