Elməddin Cəfərov: "O məmur sonra mənə zəng edib deyəcək ki, bunu seriala çək" - MÜSAHİBƏ

Elməddin Cəfərov: Tanınmış gülüş ustası Elməddin Cəfərovun AZXEBER.COM-a müsahibəsini təqdim edirik

"Aylıq maaşım o günə kimi 100 dollar idi".

-Səni illər öncə "Space”də yayımlanan "Tək Səbir” verilişi ilə tanıdıq. O illəri necə xatırlayırsan?

- "Tək səbir”dən əvvəl 2001-ci ildə gənclər arasında KVN yarışı üzrə Azərbaycan çempionatı keçirilirdi. Orada ilin ən yaxşı aktyoru seçildim. Yadınıza gələr bəlkə də, o vaxt KVN-ə maraq lap çox idi. Birinci olandan sonra təkliflər gəlməyə başladı. Onlar arasında "Tək Səbir” layihəsi var idi. Məni tanıdan və ortaya çıxaran bu veriliş oldu. O zamanlar bu layihə televiziya tarixində ən böyük reytinq verdi, 38 reytinq. Təsəvvür edirsən bu nə deməkdir? İndi belə bir reytinq heç bir televiziyada yoxdur. Ən çox 18 reytinq verən verilişlər var. Bu bir ilk idi.


-Bu sənin şansın idi, yoxsa səninlə o verilişdə iştirak edən dostların uğuru?

- Mən həmişə özümü şanslı görmüşəm. Əlhəmdüllah, 6 il mədrəsədə dini təhsi almışam. Üniversitetin tarix-filologiya fakültəsini bitirmişəm. Tələbə vaxtı paralel olaraq həm xor dərslərinə getmişəm, həm də psixologiya ilə bağlı uzunmüddətli kurslarda iştirak etmişəm. İnsanların jest və mimikalarının hansı psixoloji qarşılığı olduğunu öyrənmişəm. Bu öyrəndiklərim mənə böyük komanda ilə rahat şəkildə işləmək imkanını yaradıb.

-O zaman çox gənc idin. Belə bir şöhrəti əldə etmək və onu daşımaq çətin olmadı ki?

- Birinci gün veriliş efirə gedəndən sonra səhər mən Gəncəyə - ailəmin yanına yola çıxdım. O gün avtovağzalda hamı mənə baxırdı. Çox qəribə bir hissdir bu. Heç nəyi anlamırdım. İnsanlar nəyə görə baxır? Xoşlarına gəldiyi üçünmü, yoxsa ümumiyyətlə bəyənməyiblər deyə baxırlar? Sonra bir ay keçdi və tanınmağa başladım. Hamı bir müddət sonra məni görən kimi dayanır və şəkil çəkdirmək istəyirdilər.

- Bu məşhurluq Elməddini dəyişə bildimi?

- Əslində mənim ətrafımdakıların çoxu dəyişdi. Amma mən dəyişmədim. Bunun ən böyük səbəbi İslam idi. Dini təhsilimin olması bu yolda mənim əlimdən tutan ən böyük köməkçi idi. Bilirsən, şöhrət elə bir şeydir ki, onu daddığın andan dəyişməyə məhkumsan. Təsəvvür elə ki, aylıq maaşım o günə kimi 100 dollar idi. Ancaq bir gün üçün toya səni 1500 dollara çağırırlar. Ayda 10 toya getsən bu 15 min dollar edir. Hələ bir də sənin 21 yaşın var. Getdiyin hər yerdə sənə dəyər verirlər, səni başda oturmağa dəvət edirlər. Ancaq dediyim kimi, mən bu yolu çox tutmadım, toylara çox getmədim. Din məni elə həmin Elməddin olaraq qalmağıma kömək etdi.

-"Tək Səbir” komandasından kimlər dəyişdi bəs?

- Mən ad çəkməyəcəm. Sadəcə özümdən dedim. Allaha inancım və ona olan məhəbbətim əlhəmdüllah məni dəyişməyə qoymadı.


"Mən şöhrət olandan 9 il sonra da kirayədə qalmışam, 11 il maşınsız gəzmişəm"


-21 yaşında birdən birə aya 15 min dollar qazanmaq gücündə olmusan. Bəs niyə qazanmadın o pulları?

- Mən həyatda həmişə "nəyi eləmək olmaz” onu öyrənmişəm. O yol mənlik deyildi. Çünki içki məclislərində otura bilməzdim. İslama olan məhəbbətim buna imkan vermədi.


-Kimsə səni yanına çağırıb "Elməddin götür bu pulu bizi o gün efirdə güldürdüyün kimi güldür” deyib heç?

- Əslində elə şeylər olub. Amma niyə mən onları güldürməliyəm? Bir var efirdən baxıb gülür, bu başqa. Mən o adam üçün hansı səviyyədə olmalıyam ki, onu desin və mən bunu icra edim. Xarakterim buna imkan vermir və verməyəcək də.

-O zamanlar necə pul qazanırdın?

- Mən şöhrət olandan 9 il sonra da kirayədə qalmışam, 11 il maşınsız gəzmişəm. Bunlar ona görə olub ki, mən o şeylərə getməmişəm. Bunun üç səbəbi var. Birincisi mənim xarakterim buna imkan vermirdi, ikincisi mən evliydim, üçüncüsü isə ata idim. Digər bir tərəfdən də, dediyim kimi içki məclislərinə də getmirdim.

-Bəs sənə "bu qədər şöhrətin var amma kirayədə yaşayırsan” demirdilər?

- Çox insan buna görə mənə irad tutub. Qohumlarım mənə "sənin bu qədər şöhrətin var niyə varlanmadın?” deyib məzənnət edirdilər. Amma mən 8 ildir ki, rəqəmindən asılı olmayaraq heç bir toya aparıcı olaraq getmirəm. Səhv anlayarlar bəlkə də, mən gedənlərə pis baxmıram. Onların ruzisi toylardan çıxır. Sadəcə mən getmirəm. Ona görə də bunun əziyyətini 10 il çəkdim.



"Bir də baxdım ki, ümumi borcum 150 mini keçib"


-Amma bir günün içində bütün qazandıqların sıfıra döndü. Əldə etdiklərinin hamısını bir anın içində itirmisən. Kim səni aldadıb puluvun hamısını almışdı?

- Düzdür, bu hadisə olub. Mən hər zaman bu hadisəyə həyatımın dönüş nöqtəsi deyirəm.

-Oxucularımıza qaranlıq qalacaq. Biraz bəhs et bu haqda…

- Bununla bağlı çox danışmaq istəmirəm. O vaxtlar mən bir ev almışdım. Pulun da öncədən vermişdim və tikilməyini gözləyirdim. Sonra aydın oldu ki, bu ev mənimlə birlikdə 7 nəfərə satılıb. Tək bu deyildi. Bir qohumum da mən evi alandan sonra həmin şirkətdən ev almışdı. Onun da evi bir neçə nəfərə satılmışdı. Və bir gün həmin qohumum mənə görə oradan ev aldığını deyib, pulunu məndən istədi. Düşündüm evimi satıb verərəm, amma ev də əlimdən çıxmışdı. Digər bir tərəfdən bir iş yeri ilə müqaviləm var idi. O müqaviləmə görə başqa bir yerdə işləyə bilməzdim. Amma məcbur qalıb gizli şəkildə başqa yerdə də işlədim. Çünki zamanım çox az idi və o məbləği tapmalıydım. İşlədiyim yer bundan xəbər tutub məni məhkəməyə verdi. Məhkəmədə məndən 30 min təzminat istədilər. Məcbur qalıb bu biri tərəfdən də çıxdım. Onlar da mənə 20 min təzminatlıq məhkəmə iddiası qaldırdılar. Bir də baxdım ki, borcum 150 mini keçib.

-Necə qaytardın bu borcu? Kimdənsə yardım aldınmı?

- Xeyir, bu problemi heç kimə demədim. Özümdən başqa heç kim bunu bilmirdi. Bir tək Allah bilirdi. Bu məsələlər may ayında oldu. Təsəvvür edin ki, mən dekabr ayında bütün problemlərimi həll etdim və yenidən ayağa qalxdım. Fevralda yeni evə köçdüm, mart ayında isə yeni aldığım "cip”imi sürürdüm. On ayın içərisində həyatımda hər şey dəyişdi.

-Həm deyirsən yardım almadım, həm də bu qədər böyük bir məbləğin altından çıxdın…

- Bəli, bu inanılmaz idi. Mən bu qədər böyük bir problemi bir manat xərcləmədən həll etdim. Allahın köməkliyi ilə haqq-ədalət öz yerini tapdı. Mənim evimin yerinə daha böyük bir ev verdilər. Digər qohumumun evini də geri qaytardılar. Bu müddət ərzində yığdığım 30 min dolları həm evin təmirinə, həm də yeni maşın almaq üçün xərclədim. Bütün bunlar mənim həyatımın dönüş nöqtəsi oldu.




"Əgər ondan evlənməsəydim indi də subay idim"

-Neçə yaşında evlənmisən?

- 21.

-Bu qədər tez evlənmək sənin üçün çətin olmadı?

- Tez ailə qurmağın bir çox problemli tərəfləri olsa da, yaxşı tərəfləri də çoxdur. Məsələn mənim övladımın indi 14 yaşı var. Bundan böyük uduş ola bilməz. İkincisi də xanımım tələbə yoldaşım idi. Biz evlənmədən öncə də bir-birimizi tanıyırdıq.

-O vaxt belə tez evlənməsəydin indi neçə yaşında evlənərdin?

- Səmimi deyirəm, əgər ondan evlənməsəydim indi də subay idim. Yəqin ki, 40 yaşımda evlənərdim. Çünki mənim şöhrətin dadını yaşamamağımın səbəblərindən biri də evil olmağım idi. Ailə olmasaydı yəqin ki, mən də onu dadacaqdım və evlənməyəcəkdim.

-Qadınların məşhur insanlardan daha çox xoşları gəlir. Onlara yaxın olmaq və onlarla münasibət yaşamaq istəyənlərin sayı çoxdur. Belə bir təkliflər olub sənə?

- Olub, amma mənim ailəli olmağım və dediyim kimi İslama olan bağlılığım bunun qarşısını kəsib.

-Evli olan və ailəsinə xəyanət edən kişilər də çoxdur. Məşhurlar arasında yəqin ki, bu rəqəm daha çox olar.

- Düzdür, olur. Əgər "facebook”da, "instagram”da, "whatsapp”dasansa və insanların daha rahat ünsiyyətə girə biləcəyi bir məkandasansa, o zaman lap çox olur. Mən bunların hamısından imtina etdim. Bunu yoldaşım üçün etmədim, onun heç xəbəri yox idi.

-Xanımın bu günə kimi sənə nəyisə qadağa qoymayıb?

- O mənə heç vaxt qadağa qoymayıb. Bizdə qadağa yoxdur. Səmimi deyirəm, ailəmiz demokratik fikirlər üzərində idarə olunur. Məsələn, mən onunla evlənəndə də namaz qılırdım. Amma heç vaxt ona bunu təkid etməmişəm. Özü 33 yaşında hicaba keçib. Çünki o zaman içindən gəlib və bunu edib.



"O tamaşaçılardan biri gətirib bizə 1 manat belə vermədi ki, davam edin serialın çəkilişinə"


-Elməddin gəl biraz da çəkdiyin seriallardan danışaq. Seriallarda daha çox sponsurlar gözə çarpır və bu tamaşaçılar tərəfindən çox vaxt tənqid olunur. Niyə tamaşaçıları seriallarımız qane etmir?

- Bilirsiz, bəzi insanlar həmişə hadisələrə birtərəfli yanaşırlar.

-Necə birtərəfli?

Bax indi sizin saytınıza dünya ədəbiyyatından kitablar yerləşdirsək kütlənin böyük əksəriyyəti oxumayacaq. Amma 18+ xəbərlər versəniz, hamı girib bir-bir oxuyacaq, 100 min adam bəyənəcək. Həm Azərbaycan kinosunun, həm seriallarının, həm də elə futbolunun bu vəziyyətdə olmasının səbəblərindən biri də cəmiyyətdə hadisələrə birtərəfli yanaşan insanlardır. Gəlin birtərəfli baxmayaq heç nəyə. Biz əlimizdəki büdcəylə "Muhteşem Yüzyıl” yarada bilmərik axı.

-Amma ən azından bu qədər sponsor reklamları gözə çarpmaya bilər…

- Keçən il bizim bütün sponsorlarımız serialdan çıxdılar. Serialların 3-nü bağlamaq məcburiyyətində qaldıq. İnanın ki, o tamaşaçılardan biri gətirib bizə 1 manat belə vermədi ki, davam edin. Çünki biz 6-7 ildir sizə baxırıq. Belə bir cəhd olmadı. Kredit götürüb işlərimizi davam etdirdik.

-Dünyanın heç bir yerində tamaşaçı seriala pul vermir axı. Belə bir praktika yoxdur yəqin ki, mənimlə razılaşarsan…

- Düzdür, yoxdur. Amma bizə irad tuturlar ki, sizin niyə çəkdikləriniz türklərdən daha aşağı səviyyədədir. Heç kim gəlib "sənin büdcən nə qədərdir?” sualını vermir. "Muhteşem Yüzyıl” serialının 93 milyon büdcəsi var idi. Sən ona baxa-baxa 4 min büdcəsi olan "Bacanaqlar” serialı ilə nəyi müqayisə edə bilərsənki? Bunlar arasındakı keyfiyyəti axtarmaq sadəcə gülməlidir. Mənə pul verildi mən yaxşısını çəkmədim? Bəzi reallıqlar var ki, onu tamaşaçıya başa salmaq olmur.



""Fəlakət”i bizim komandamız yaradıb".


-Azərbaycanda "Xoxan”dan sonra komediya janrında yeni filmlər çəkilməyə başladı. Bunun səbəbi səncə nə idi?

- Əslində bu video-kamediya filmləridir. Bunlar böyük büdcəli filmlər deyil. Səbəb tamaşaçı marağının çoxluğu və nəticədə filmdən gələn qazancın yaxşı olmasıdır.

- Bu gün çəkilən filmlər səni qane edir?

- Əslində xeyir, məni qane etmir. Baxın mənim çəkildiyim elə bir film yoxdur ki, əlimi qoyub deyim ki, bu filimim uğurludur. Mən hələ ki, oynadığım ən yaxşı rolu oynamamışam.

-Çəkildiyin filmlərlə, seriallarla insanları həmişə güldürmüsən. Bəs dram janrında bir filmə çəkilsən necə, yenə də insanlar sənə baxarlarmı?

- Bəli, oynayaram. Amma bunu etməyəcəm, çünki özümü sübut etmək istəmirəm.

-Bəlkə heç kim sənin bu obrazını bəyənməz deyə qorxursan?

- Xeyir, bunun səbəbi sən deyən kimi deyil. Mən komediya janrında oynamışam və hamı da məni belə tanıyıb. Niyə özümü sübut edim? Kimə sübut edim? Mənə görə, insan özünü sübut etməyə çalışdığı an bitir.


-"Bozbaş Pictures”in, Müşfiqin və digərlərinin bir komandası var. Və onlar öz verilişlərində, filmlərində bu komanda ilə çıxış edirlər. Bəs sənin niyə bir komandan yoxdur?

- Mən bunu göstərmədiyim üçün insanların çoxu belə düşünür. Amma Azərbaycanda ən böyük komanda məndədir. Hazırda 36 nəfər aktyorla çalışıram. Ümumilikdə isə bu rəqəm 60-a çatır. Ən böyük komanda əslində bizdədir. İndinin özündə 4 komediya janrında film çəkirik. Sadəcə bunları reklam etmirik. Başımızı aşağı salıb öz işimizi görürük.

-Dörd serial çəkirsən və böyük bir komandaya sahib olduğunu deyirsən. Bəs onda niyə bir film çəkib, digərlərini geridə qoymursan?

- Mən artıq serial sahəsində sözümü demişəm. Hər şeydə damcı olmaqdansa, bir şeydə mükəmməl olmağı daha üstün tuturam.

-Amma müsahibədən öncə mənim söylədiyim bu fikrə "sən bir yerdən başla, qalanı gələcək” deyə cavabını vermişdin. İndiki fikrinlə bəyaqki fikrin arasında fərq yaranır…

- Bilirsən hazırda komediya seriallarında ancaq bizik. Bu sahədə pikə çatmışıq. Bunu yarıda buraxıb gedib film çəkim?

-Niyə də çəkməyəsən? Həm serialdakı əziyyətin az olar, həm də qazancın daha çox olar.

- Bizimlə hazırda bu bazarda rəqabətə girəcək ikinci bir komediya serialı yoxdur. Ona görə bu işə daha çox üstünlük verirəm.

-Bu qədər aktyorla bir yerdə çalışırsan. Bəs niyə sənin böyük komandan olmasına baxmayaraq, "Bozbaş Pictures” Fəlakət obrazı ilə liderliyi ələ ala bildi?

- Fəlakətin obrazının ssenarisini kim yazıb? Heç bu barədə maraqlanmısız?

-Kim yazıb?

- "Fəlakət" obrazının ssenrisini bizim komandamızın üzvləri yazıb. "Bozbaş Pictures”in ssenarisini biz komandamızın üzvləri yazır, amma biz çəkmirik. Onlar bizim dostlarımız və həmkarlarımızdır.

-Elədirsə onda niyə "Bacanaqlar” serialında hamının gözü ancaq səni axtarır. Daha bir Elməddin niyə yetişmədi?

- Elməddin kimdir ki, özündən sonra bir Elməddin də yaratsın. Mənim komandamda olanların demək olar ki, hamısı tanınmış adamlardır. Onlar arasında xalq artistləri də var. Biz özümüz onlardan nələrsə öyrənirik.

-4 serial çəkirsən. Onlar arasında rəqabət varmı?

- Biz serial bazarında rəqabətdəyik. Baxmayarıq ki, 4 serialın hamısını bizim komanda çəkir. Amma aktyorlarımız ayrı-ayrıdır. Bunun üçün də demək olar ki, aramızda rəqabət var.

"O məmur da zəng edəcək ki, filankəsi seriala çək".


-Məmurlarla münasibətin necədir?

- Əvvəl məmur dostum çox idi. Amma sonra onlardan aralı gəzməyə başladım. Bunun da ən böyük səbəbi toylara getməməyim idi. Çünki toylara getmədiyim üçün onlarla qarşılaşmıram.

-Bu günə qədər hansısa məmura zəng edib "müəllim bu işimə köməklik edin” dediyin olmayıb?

- Mən heç vaxt zəng vurub xahiş etmirəm. Çünki mən zəng vurub xahiş etsəm, o müəllim də 3 gündən sonra başqa şey üçün mənə zəng vuracaq.


-Həmin məmur sənə nə üçün zəng vura bilər ki?

- Deyə bilər ki, filankəsi də çək serialına. Qoy o da görünsün serialda. Belə şeylər istəyə bilərlər. Buna görə nə mən zəng edirəm, nə də mənə zəng edirlər.

-Maşının var və yəqin ki, radarlara da düşürsən. Bəs yol polisi sənə məşhur olduğun üçün hansısa ayrıcalıq edib radarlarıvı silib?

- Xeyr, olmayıb. Çünki mən özüm-özümü cəzalandırıram. İnanın ki, mənim ən çox sürətlə radara düşməyim maksimum saatda 71 km olar. Onun da gedib cəriməsini özüm ödəyirəm.

-Elməddin unudulmaqdan qorxmursan?

- Ən böyük arzum öldüyüm gün unudulmağımdır. İstəyirəm ki, mən Allahın dərgahında xatırlanım. İstəmirəm mən olmayanda məni xatırlasınlar, arxamca danışsınlar.


Söhbətləşdi: Əfsələddin Ağalarov
Fotolar: Dursun Tağıyeva

Oxşar xəbərlər