İmruzə Hüseynova: "O işi görəndə doğma anam da yadıma düşmür" — MÜSAHİBƏ

İmruzə Hüseynova: Bu gün bəstəkar-rəssam İmruzə Hüseynovanın doğum günüdür.

Onlarla hit bəstələrin müəllifi doğum günündə Ölkə.Az-ın suallarını cavablandırıb.

- İmruzə xanım, istərdim ənənəvi doğum günü sualını verim. İlk təbriki kimdən aldınız?

- İlk təbrik böyük gəlinimdən oldu.

- (zarafatyana) Bu sonra ədavətə səbəb olmayacaq ki?

- (gülür) Yox, böyük gəlindir, borcudur da.

- Digər gəlinlər təbrikə gecikdiklərinə görə cəza gözləmir ki?

- Ayrı-seçkilik yoxdur bizdə.

- Sirr deyilsə, neçə yaşınız tamam olur?

- 62 yaşım tamam olur.

- Yaşınız kompleks yaratmır?

- Qətiyyən.

- Özünüzü hansı yaşda hiss edirsiniz?

- (düşünür) Ən çox 40-45 yaşlarında. Ayıbdır da, ondan o yana nə deyə bilərəm ki? (gülür) Qırxdan az deyə bilmərəm axı.

- Fikir verirdim əvvəllər sosial şəbəkədə fotolarınıza rəy yazan, maraq göstərən daha çox gənclər idi. Bu diqqət azalıb, yoxsa?

- Artıb deyərdim. Özüm də məəttəl qalıram. Bəzən çox yazırlar, cavab verməyə həvəsim olmur, bloka qoyuram. Amma yazırlar e, yazırlar. Mənim başım çıxmır, niyə mən bunları belə cəlb edirəm?

- Belə diqqətin olmağı yorucudur?

- Az olanda yaxşıdır, amma çox olanda yorur. Hər şey öz qədərində gözəldir. Bəzən yazırlar ki, sizinlə dostluq etmək istəyirəm. Deyirəm, biz artıq sizinlə sosial şəbəkədə dostuq. Ardınca deyir ki, sizi yaxından tanımaq istəyirəm. Cavab verirəm ki, heç kimlə yaxından ünsiyyət qurmağa vaxtım yoxdur. Bu yaşda formalaşmış insanam, öz çərçivəm, çevrəm var. Bundan sonra dostları dəyişmək olmaz ki?

- Bakı Rəssamlıq Akademiyasında baş müəllim idiniz...

- İki il öncə yaradıcılıq gecəmdən öncə bütün işlərimi dayandırdım. Çünki məşqlər çox vaxtımı alırdı. İndi Pedoqoji İnsitutdan işləmək təklifi almışam. Hələ fikirləşirəm, bu mənə lazımdırmı, ya yox?

- Həm rəssam, həm də bəstəkar kimi fəaliyyətiniz var. Bunlardan hansı ruh halınıza, düşüncələrinizə, həyat tərzinizə daha yaxındır?

- Müqayisəolunmazdır. Çünki mahnı yazmayanda yaşaya bilmirəm. Rəssamlıq elədir ki, bəzən bir il rənglərə yaxın getmirəm. İşləməyə başlayanda bir neçə ay işləyirəm, çəkirəm. O anlarda özümü çox xoşbəxt hiss edirəm, dünyanı yadımdan çıxarıram. Hətta o işlə məşğul olanda doğma anam da yadıma düşmür. Ona görə rəssamlıq məni depressiyadan xilas edir.

- Bildiyimə görə bəstələrinizi daha əvvəlki kimi hədiyyə etmirsiniz...

- Bəli, daha hədiyyə etmirəm (gülür). Nə qədər hədiyyə olar? Mənə kim nəyi hədiyyə edib ki? Artıq rəsm əsərlərimi də satıram.

- O zaman bir az maddi tərəfiylə maraqlanaq...

- Qiymət demək istəməzdim. Allah adamıyam, heç vaxt heç nəyə yüksək qiymət qoymaram və ürəyim buna yol verməz.

- Eyni düşüncə bəstələrlə də bağlıdır?

- Təbii ki. Mənə yüksək qiymət deyəndə gülməli gəlir. Bəlki kimsə mahnını çox çətinliklə yaradır deyə, yüksək qiymət deyir. Amma mənimçün mahnı yazmaq o qədər asandır ki. Ürəyim, vücudum, ruhum musiqiylə doğrulub.

- Yəqin 3-5 minlik mahnıları nəzərdə tutursunuz.

- Bəli, inanmıram ki, kimsə o qiymətə mahnı satır, yaxud kimsə alır. Olamaz böyle bir şeyler (gülür).

- Hazırda kimlərlə çalışırsınız?

- Daha çox gənc müğənnilərlə. Elə bu dəqiqə mənə bir tanınmış, sanballı sənətçilərdən biri yazıb ki, sizin yadınızda olmasam da, həmişə mənim yadımdasınız. Yazdım ki, niyə elə deyirsiniz? Cavab verdi ki, mənə çox öncə mahnı söz vermişdiniz, amma hələ təqdim etməmisiniz. Utandım... Yaxın günlərdə həmin müğənniylə görüşməliyəm.

- Çox olur ki, söz verirsiniz və yadınızdan çıxır?

- Adətən heç nə yadımdan çıxmır. Bəzən problemlər adamı sıxır. Həyatdır da, belə hallarda işləmək həvəsi olmur. Heç kim deməsin ki, gərginliyim, problemim yoxdur.

- Yaradıcı insanların bir qismi deyir ki, problemlər, sıxıntılar yaradıcı mühitin yaranmasına təkan verir. Razısınız?

- O doğru fikirdi. Problemlər insanı düşüncələrə vadar edir. Mən kədərli anlarımda da, sevincli vaxtlarımda da əhval-ruhiyyəli musiqi yaradıram.

- Doğum gününüzü necə qeyd edəcəksiniz?

- Bu gün aparıcılardan birinin övladının ilk yaş günüdür. Ötən il mənim doğum günümdə o uşaq dünyaya gələndə dedilər ki, gələn il bizimlə bir yerdəsiniz. Restoranda onlarla birlikdə qeyd edəcəyik. Bir azdan övladlarım bir-bir gələcəklər. Gecədən telefonla təbrik ediblər, mən gedənə kimi hamısı da gələcəklər.

Oxşar xəbərlər