Azərbaycanda elektrik enerjisinin yüksək istehsalı həm ölkənin daxili tələbatını ödəməyə, həm də xaricə ixrac etməyə şərait yaradır.
Tikintisinə 1945-ci ildə başlanılan Mingəçevir Su Elektrik Stansiyası 1954-cü ildə tam gücü ilə fəaliyyətə başlamışdır. Yaxın gələcəkdə də Mingəçevirdə yeni elektrik stansiyasının açılışı planlaşdırılır. Mingəçevir şəhərinin Qafqazın əsas enerji mərkəzinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1981-ci ildə Mingəçevir Elektrik Stansiyasının açılışında Heydər Əliyev şəxsən özü iştirak etmişdir. Bu elektrik stansiyaları Azərbaycanın enerjiyə olan tələbatının çox hissəsini ödəyir.
Prezident İlham Əliyev 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Cənab Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanda elektrik enerjisi istehsalının yüksək səviyyədə həyata keçirildiyini qeyd edərək bu sahədə atılan addımları diqqətə çatdırmışdır.
Azərbaycanda elektroenergetika sahəsində son dövrlərdə böyük uğurlar əldə edilmişdir. Ümumiyyətlə Azərbaycanda bərpaolunan enerji növlərinin yüksək inkişaf potensialı var. İşğaldan azad edilən ərazilərimizdə də bərpa və yenidənqurma işləri elektroenergetika sahəsində həyata keçirilir. Bu həmin sahəyə olan böyük tələbatla bağlıdır. Stansiyaların tikintisində xarici tərəfdaşlar da yaxından iştirak edir. Əldə olunan elektrik enerjisinə ölkə xaricində də böyük tələbatın olması elektroenergetika sahəsinin daha da inkişafına şərait yaradır.
Bu gün dünya dövlətlərinin enerji təhlükəsizliyi ilə sınağa çəkildiyi, enerji asılılığından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanın böyük bir qitənin etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş bu cür strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir. Ümumilli Lider Heydər Əliyevin formalaşdırdığı təməllər üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi enerji təhlükəsizliyi kursunun töhfəsidir.
Azərbaycanın geosiyasi çəkisini artıran və beynəlxalq miqyasda böyük marağı təmin edən bu siyasət örnək enerji təhlükəsizliyi modelidir. Bu model, enerji resurslarının, enerji təchizatı mənbələri və marşrutlarının, tədarük bazarlarının şaxələndirilməsidir. Ona görə də bu gün Azərbaycan enerji böhranı yaşamır. Enerji müstəqilliyi tam təmin edilib. Azərbaycan həm neft, həm qaz, həm də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəbin
tarix müəllimi Damla Həsənzadə