Şuşanın azad olunması ilə Qarabağ torpaqlarında yeni həyat başladı

Şuşanın azad olunması ilə Qarabağ torpaqlarında yeni həyat başladı

8 Noyabr Azərbaycan xalqının ən şərəfli, ən qürurlu günlərindən biridir. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu, xalqımızın uzun illər həsrətini çəkdiyi Şuşa şəhərinin azad olunduğu gündür. Şuşa - əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi, musiqimizin, ədəbiyyatımızın, mənəviyyatımızın mərkəzi olmuşdur. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şuşanı işğaldan azad edərək xalqımıza unudulmaz Qələbə sevinci yaşatdı.
Bu möhtəşəm Qələbə təsadüfi deyildi. Onun əsasında illərlə düşünülmüş, planlı şəkildə həyata keçirilən güclü dövlət siyasəti dayanırdı. Ulu öndər Heydər Əliyev-in müdrik rəhbərliyi ilə qoyulan siyasi, iqtisadi və mənəvi təməllər, ordu quruculuğu sahəsində atılan addımlar sonradan bu tarixi Zəfərin qazanılmasına yol açdı. Cənab Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirərək, Azərbaycanı güclü, müasir və qalib dövlətə çevirdi. Onun “Əziz Şuşa, sən azadsan!” sözləri xalqımızın yaddaşına əbədi həkk olundu və hər bir azərbaycanlının qəlbində iftixar hissi yaratdı.
Şuşanın azadlığı təkcə hərbi-siyasi hadisə deyil, həm də milli-mənəvi dirçəlişin başlanğıcıdır. Bu qələbə ilə xalqımız öz tarixi ədalətini bərpa etdi, şəhidlərimizin ruhu şad oldu, mənəvi birliyimiz möhkəmləndi. Şuşanın azad olunması ilə Qarabağ torpaqlarında yeni həyat başladı. Hazırda cənab Prezident İlham Əliyev-in rəhbərliyi ilə Şuşa sürətlə bərpa olunur, yeni yollar, mədəniyyət ocaqları, məktəblər və yaşayış binaları inşa edilir. Bu, dövlətimizin gücünü və xalqımızın sarsılmaz iradəsini bir daha nümayiş etdirir.
Şuşa şəhərinin azadlığı həm də Azərbaycan mədəniyyətinin bərpasıdır. Burada yenidən muğam səslənir, poeziya günləri keçirilir, qədim sənət ruhu yenidən canlanır. Şuşa bu gün təkcə Azərbaycanın deyil, bütün Türk və İslam dünyasının mədəniyyət paytaxtına çevrilib. Bu, dövlətimizin beynəlxalq arenadakı nüfuzunun da bariz göstəricisidir.
8 Noyabr - Şuşa şəhəri günü həm Zəfərimizin, həm də milli qürurumuzun bayramıdır. Hər bir azərbaycanlı bu günə qədər gedən uzun və çətin yolu qürurla xatırlayır. Bu zəfərin müəllifləri olan qəhrəman əsgərlərimiz, şəhidlərimiz və onların rəhbəri Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev qarşısında baş əyir, minnətdarlıq hissi ilə bu tarixi günü qeyd edirik.
Şuşa əbədi olaraq azaddır, çünki bu torpaq həm tariximizin, həm ruhumuzun, həm də milli kimliyimizin ayrılmaz parçasıdır.
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Balaxanı qəsəbəsi, 69 nömrəli məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aytel Hacıyəhyayeva


Oxşar xəbərlər