Bir vaxtlar xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Müzəffər ordumuz 44 gün ərzində Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən demişdir ki, “Şuşasız bizim işimiz yarımçıq qalar.” Bu möhtəşəm zəfərin memarı – Ata vəsiyyətini yerinə yetirərək, başladığı işi məntiqi sonluğuna çatdıraraq, öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdıran Prezident İlham Əliyev oldu. Şuşanın azad olunması Azərbaycanın mədəni həyatında misilsiz əhəmiyyət daşıyırdı. Şuşa şəhəri tarixən Azərbaycanın mədəni mərkəzlərindən biri olmuş, xüsusən, Azərbaycanın musiqi sənətinin beşiyi olmaqla, muğam ifaçılığının inkişafında əvəzsiz rola malik idi. Azərbaycanın milli-mənəvi dəyərlərindən olan islam dininin doğma torpaqlara qayıtması baxımından da, Şuşanın azad edilməsi böyük əhəmiyyət daşıyırdı.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.
Azərbaycan əsgərinin uzun məsafə qət edəndən sonra qayalara dırmanması, əlbəyaxa döyüşə girib düşmən üzərində qələbə çalması əlbəttə ki, qəfildən yaranan vəziyyət kimi dəyərləndirilə bilməz. Çox güman ki, Şuşanın relyefi nəzərə alınmaqla, bu plan neçə illər əvvəl cızılmış, əsgərlər bunun üçün hazırlanmışdı. Erməni əsgərlərinin əlbəyaxa döyüşdən vahiməyə düşməsi, onların bu döyüşlərə hazır olmamasını təsdiq edirdi. Azərbaycan əsgərinin göstərdiyi igidlik erməni əsgərlərinin bu əzəmət qarşısında acizliklərinin etirafı ilə nəticələndi. Çünki İkinci Qarabağ müharibəsində qəhrəmanlıq Azərbaycan əsgəri üçün davranış normasına çevrilmiş, Azərbaycan əsgəri üzərinə düşəndən də artığını yerinə yetirirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirirdi: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. “Məğlubedilməz erməni ordusu” mifini dağıdan, döyüş meydanında düşmənə hərb və kişilik dərsi keçən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə və xalqın yaddaşına əbədi həkk olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə yalnız Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün xalqımızın Zəfəri idi.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edildi. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Bu tarix həm də Şuşa Şəhəri Günüdür. Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq.
08 noyabr 2020-ci ildə dövlətimizin başçısı İlham Əliyevin Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətindəki tarixi sözlər əbədi olaraq yaddaşımızda qalacaq:
“Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Pirşağı qəsəbəsi, 112 nömrəli tamo orta məktəbin
Təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva