Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri – 8 Noyabr Zəfər Günü xalqımızın qəhrəmanlığını, milli birliyini və vətən sevgisini özündə əks etdirən möhtəşəm bir gündür. Bu gün Azərbaycan xalqının otuz illik həsrətinə son qoyuldu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad etdi.
Ulu öndər Heydər Əliyev hələ sağlığında “Azərbaycanın gələcəyi gənclərin əlindədir” – deyərək gələcək nəsillərə böyük inam ifadə etmişdi. Onun müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bu möhtəşəm Zəfərə nail oldu.
Cənab Prezident İlham Əliyev qeyd edib: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.”
Bu sözlər bir daha göstərir ki, ölkə rəhbərimizin müdrik siyasəti, xalq-ordu birliyi və vətənpərvər ruh bu Qələbənin əsas təməl daşları olmuşdur.
44 gün davam edən Vətən müharibəsi xalqımızın iradəsini, ordumuzun peşəkarlığını və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Hər bir əsgər “Öldü var, döndü yoxdur!” şüarı ilə döyüşərək torpaqlarımızı azad etdi. Bu gün Qarabağda yenidənqurma və məskunlaşdırma işləri uğurla davam edir.
8 Noyabr – Zəfər Günü təkcə hərbi Qələbə deyil, həm də milli həmrəyliyin, birlik və vətən sevgisinin təntənəsidir. Azərbaycan xalqı bu Qələbə ilə daim fəxr edəcək, şəhidlərimizin müqəddəs xatirəsini hər zaman ehtiramla yad edəcəkdir.
Balaxanı qəsəbəsi, 69 nömrəli orta məktəbin
Riyaziyyat müəllimi Ləman Müslümzadə