Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir.
Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti hamıya məlumdur. Mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, hərbimizə böyük qəhrəmanlar bəxş edən Şuşanın 1992-ci il mayın 9-da erməni birləşmələri tərəfindən işğal edilməsi xalqımızı ikiqat sarsıtmış, onda böyük kədər hissi doğurmuşdu.
Rəşadətli Azərbaycan əsgəri öz canı, qanı bahasına tarixi, əzəli-əbədi torpaqlarımızı Ermənistan silahlı qüvvələrinin işğalından azad edərək hamımızı sevindirdi. Azərbaycan tarixinin qızıl səhifələrini yazan qalib Azərbaycan Ordusu düşmənin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək Qarabağ dağlarının zirvəsini - milli kimliyimiz, qürurumuz, qeyrət və mənliyimizin simvolu olan, qədim Şuşamızı, Cıdır düzünü, İsa bulağını, xarı bülbülümüzü öz canı və qanı bahasına əbədi olaraq bizə qaytardı.
İşğaldan azad edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Amma Şuşanın düşmən işğalından azad olunması, hərbçilərimizin orada göstərdiyi igidlik, mərdlik hər zaman xatırlanacaq. İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi. Xüsusilə alınmaz qala olan və sərt relyefə malik olan Şuşanın işğaldan azad edilməsi isə hələ də nəinki, erməniləri, hətta dünyanın hərbi ekspertlərini belə heyrətləndirir. Bütün bunlar hərbçilərimizin peşəkarlığından və ən əsası isə hər şeyin başında vətənpərvərlik hissi dayandığından xəbər verir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Azərbaycanın həsrətinə son qoyuldu və xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa geri qaytarıldı.
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamında qeyd olunur ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi mədəni həyatına qovuşması, Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir.
Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib:
“İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.
Sabunçu rayonu Rasim Quliyev adına 107 nömrəli tam orta məktəbin
direktoru Kəmalə Məmmədova