Zəfərdən sonra başlayan bərpa dövrü İlham Əliyevin uzaqgörən siyasətinin davamı oldu

Zəfərdən sonra başlayan bərpa dövrü İlham Əliyevin uzaqgörən siyasətinin davamı oldu
Şuşa... Bu ad Azərbaycan xalqının yaddaşında qürur, sevinc və mübarizə rəmzi kimi yaşayır. Qarabağın tacı, mədəniyyətimizin beşiyi, qəhrəmanlıq tariximizin simvolu olan bu şəhər illərlə azadlıq həsrəti ilə yaşayırdı. Şuşa təkcə bir coğrafi məkan deyil, həm də milli kimliyimizin, mənəvi irsimizin və qürurumuzun rəmzidir.
1992-ci ilin mayında Şuşanın işğalı xalqımız üçün böyük faciə oldu. Həmin gün təkcə bir şəhər deyil, xalqın qəlbindəki bir parça da itdi. Şuşanın minillik tarixini, musiqisini, abidələrini və mədəniyyətini düşmən amansızcasına dağıtdı. Lakin Azərbaycan xalqı bu ədalətsizliyi heç vaxt qəbul etmədi. Hər kəsin qəlbində bir arzu yaşayırdı – “bir gün Şuşa azad olacaq!” Bu ümid illərlə sönmədən yanaraq, gələcək zəfərin ruhunu formalaşdırdı.
2003-cü ildə Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başlayanda, qarşısında ən ali məqsədlərdən biri – torpaqlarımızın azad olunması idi. Ulu Öndər Heydər Əliyevin yaratdığı sabitlik və dövlətçilik irsini davam etdirəncənab prezident İlham Əliyev, bu məqsədə çatmaq üçün güclü iqtisadiyyat, güclü ordu və güclü diplomatiya qurdu. “Biz istənilən yolla torpaqlarımızı azad edəcəyik!” – deyən Prezident, bu sözləri illərlə ardıcıl siyasətlə həyata keçirdi. Onun uzaqgörənliyi və dövlətçilik təcrübəsi gələcək Zəfərin təməlini qoydu.
Sonrakı illərdə Azərbaycan ordusu müasirləşdi, beynəlxalq nüfuzu artdı, xalq arasında dövlətə və Ali Baş Komandana inam möhkəmləndi. Hər kəs bilirdi ki, bir gün “dəmir yumruq” işğalçının üzərinə enəcək. Və o gün gəldi – 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başladı. Azərbaycan əsgəri, xalqın illərlə içində daşıdığı qəzəbi və ədalət arzusunu silaha çevirdi. Hər kənd, hər şəhər uğrunda aparılan mübarizə azadlıq yolunun addımları idi. Prezident İlham Əliyev bu dövrdə təkcə Ali Baş Komandan kimi deyil, həm də xalqın səsinə çevrildi. O, hər gün xalqa müraciət edərək, azad edilmiş torpaqların adlarını qürurla sadalayırdı – “Cəbrayıl azaddır!”, “Füzuli azaddır!”, “Zəngilan azaddır!” Hər bir xəbər xalqın ruhuna güc, ordunun döyüş əzminə isə ilham verirdi.
Şuşa əməliyyatı Vətən müharibəsinin ən şərəfli səhifəsi oldu. Qayalıqlar, sıldırımlar, çətin relyef – bunların heç biri Azərbaycan əsgərini dayandıra bilmədi. Əsgərlərimiz texnikasız, sadəcə silah və iradə ilə dağlara qalxaraq, əlbəyaxa döyüşlərlə Şuşaya daxil oldular. 8 noyabr 2020-ci ildə Prezident İlham Əliyev xalqa tarixi sözləri söylədi: “Əziz Şuşa, sən azadsan! Əziz Azərbaycan xalqı, Şuşa səninindir!” O an bütün xalqın qəlbi bir oldu, bütün səslər “Qarabağ Azərbaycandır!” nidaları ilə birləşdi. Şuşanın azadlığı həm hərbi, həm mənəvi, həm də tarixi qələbə idi.
Zəfərdən sonra başlayan bərpa dövrü İlham Əliyevin uzaqgörən siyasətinin davamı oldu. Qarabağ və Şuşa yenidən doğuldu. Dağıdılmış şəhərlər dirçəldi, yollar, məktəblər, məscidlər, mədəniyyət ocaqları bərpa olundu. Şuşa “Azərbaycan mədəniyyətinin paytaxtı” elan edildi. Xarıbülbül festivalı yenidən bu müqəddəs torpaqlarda səsləndi. Muğam, tar, kamança sədaları dağlarda əks-səda verərək, xalqın ruhunu canlandırdı. Bu səslər təkcə musiqi deyildi, bu, azadlığın, dirçəlişin və qürurun səsi idi.
Şuşa zəfəri təkcə hərbi qələbə deyil, həm də xalq–lider birliyinin, dövlətin iradəsinin və milli ruhun parlaq təzahürüdür. İlham Əliyevin dəmir iradəsi, diplomatik bacarığı və xalqla sarsılmaz birliyi 30 illik həsrətə son qoydu. Bu zəfər sübut etdi ki, ədalət nə qədər geciksə də, qalib gəlir. Bu gün Şuşa azaddır, Qarabağ azaddır, Azərbaycan qalib dövlətdir. Hər daşında qəhrəmanlıq, hər nəfəsində azadlıq olan Şuşa əbədi Azərbaycanındır.
Bu zəfər nəsildən-nəslə ötürüləcək, tarixdə qızıl hərflərlə yazılacaq. Şuşa zəfərinə gedən uzun yol xalqımızın dözümünün, birliyinin və inamının təntənəsidir. Bu yol asan olmadı, amma nəticəsi əbədi qürur gətirdi. Hər bir azərbaycanlı üçün bu zəfər həm tarix, həm də gələcək nəsillərə örnəkdir. Şuşa azaddır, çünki Azərbaycan xalqı heç vaxt əsarətlə barışmadı!


Ramana qəsəbəsi, 198№li tam orta məktəbin
biologiya müəllimi Günay Həsənova


Oxşar xəbərlər