Bu gün üçrəngli bayrağımızın işğaldan azad olunmuş yaşayış məntəqələrimizdə dalğalanması hər bir azərbaycanlıda böyük fəxarət hissi yaradıb

Bu gün üçrəngli bayrağımızın işğaldan azad olunmuş yaşayış məntəqələrimizdə dalğalanması hər bir azərbaycanlıda böyük fəxarət hissi yaradıb
Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı.
2020-ci ilin 27 sentyabrda başlayan və 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Şuşa da daxil olmaqla, 30 ilə yaxın işğal altında olan ərazilərini yenidən nəzarət altına alıb. Müharibədən sonra Azərbaycanın Qarabağ bölgəsində erməni əhali yaşayır. Qarabağın ermənilər yaşayan hissəsinə və Laçın dəhlizinə rus sülhməramlıları nəzarət edir.
Qürurverici haldır ki, məhz cənab Ali Baş Komandanımızın qətiyyəti sayəsində xalqımız həsrətində olduğu qələbə sevincini dadmış oldu. Cənab İlham Əliyevin hər birimizin həyat amalına çevrilmiş “Qarabağ Azərbaycandır!” şüarı öz təsdiqini tapmış oldu. Bu gün üçrəngli bayrağımızın işğaldan azad olunmuş yaşayış məntəqələrimizdə dalğalanması hər bir azərbaycanlıda böyük fəxarət hissi yaradıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib.
“Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”, - deyə dövlətimizin başçısı qeyd edib.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.
Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.
2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı- “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı. Həmin gün xalqa sayca səkkizinci müraciətində İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəinə son qoyulduğunu elan etdi.
Beləliklə, vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir.


Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
Tərbiyyə işləri üzrə direktor müavini Esmira Əliyeva

Oxşar xəbərlər