Füzuli rayonunun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Füzuli 08.08.1930-cu ildə inzibati rayon statusu almış, 1959-cu ildən böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir..
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Bu da məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı torpaq sahələrinin olması ilə izah edilir.
Füzuli rayonu həm də yaşı minilliklərə gedib çıxan Azıx mağarası, Quruçay mədəniyyəti, tarixi və memarlıq abidləri Mirəli türbəsi, Cəlil türbəsi, İmamzadə türbəsi ilə tanınırdı.
Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
1994-cü il Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etdi.
2020-ci il sentyabrın 27-də erməni silahlı qüvvələri növbəti genişmiqyaslı təxribat törətdi. Dinc azərbaycanlı əhalinin yaşadığı kəndlər atəşə tutuldu. Düşmənə öz yerini göstərmək, torpaqlarımızı azad etmək vaxtı artıq gəlib çatmışdı. Elə həmin gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə “Dəmir yumruq” əməliyyatına başlandı.
44 gün davam edən müharibənin 21 ci günü 17 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev müraciətində Füzuli şəhəri və Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğalından azad olunduğunu elan etdi.
«Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.» - Ali Baş Komandan öz müraciətində bildirib.
17 noyabr 2020 – ci il Ali Baş komandan İlham Əliyev Füzuli şəhərində Azərbaycan dövlət bayrağını ucaldır. Bununla Füzuli rayonunun azad günləri başlayır.
Füzuli şəhəri 27 il ərzində ermənilər tərəfindən darmadağın edilərək xarabalığa çevrilmiş, burada daş-daş üstə qalmamışdı. Buna baxmayaraq cənab prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən rayon günü gündən abadlaşır.
Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. Buna baxmayaraq, orada aparılan bütün quruculuq işləri dövlətimizin başçısının nəzarəti altındadır. Prezident cənab İlham Əliyev mütəmadi olaraq Füzuli rayonuna səfərlər edir, görülən işlərlə tanış olur.
Prezident İlham Əliyev cənabları 2020-ci il noyabrın 16-da Füzuli və Cəbrayıl rayonlarında Zəfər yolu kimi tanınan Füzuli-Şuşa avtomobil yolunun təməlini qoymuşdur. Səfərdən dərhal sonra isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsinə başlanmışdır. Uzunluğu 101,5 kilometr, eni isə 37,7 metr olan həmin yol Füzuli, Xocavənd və Xocalı rayonlarından keçəcək. Dövlət başçısı 2021-ci il yanvarın 15-də Şuşa və Füzuliyə səfər edərkən Füzuli-Şuşa avtomobil yolunun və Füzuli Beynəlxalq Hava Limanının layihələrinə də start vermişdir. Hava limanında ilk sınaq uçuşu 2021-ci il avqustun 22-də keçirilmişdir. Həmin il oktyabrın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə hava limanının açılış mərasimi baş tutmuşdur. Rayon ərazisində yol infrastrukturunun yenidən qurulması, həmçinin qonşu rayonlarla gediş-gəlişin təmin olunması da qarşıya qoyulan əsas hədəflərdən idi. Artıq həmin işlərin çox hissəsi başa çatdırılıb.
2023-cü il 18 avqustda Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb.
Indiyədək Füzuli şəhərinə 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib.
Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur. Qarabağ Azərbaycandır!
Bilgəh qəsəbəsi, 142 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Adıgözəlova Töhvə