Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak edib. Bu mühüm iclas çərçivəsində Prezident İlham Əliyev çıxış edərək xalqımızın zəfər tarixindən, doğma torpaqlarımızda gedən genişmıqyaslı bərpa və quruculuq işlərindən, dövlətimizin iqtisadi , siyasi, ideoloji, mədəni sahələrdəki uğurlarından, beynəlxalq aləmdə getdikcə artan nüfuzundan hərtərəfli bəhs etmişdir. Azərbaycan Prezidenti çıxışında ismarışlar verib, İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində ölkənin suverenliyini yenidən bərpa olunmasını xatırladıb, bunun yeni fürsətlər yaratdığına diqqət çəkib, gələcək fəaliyyətin hədəf və prioritetlərini açıqlayıb. Prezident İlham Əliyev haqlı olaraq söylədi ki, "Bizim Qələbəmizi həzm edə bilməyən bəzi xarici dairələr bizə qarşı yeni planlar hazırlayırlar. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur". Bu baxımdan 44 günlük Vətən müharibəsində olduğu kimi, qarşıdakı illərdə də xalqımız dövlətimizlə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birgə olmalı, milli həmrəyliyimizi qoruyub saxlamalı və ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalar dövlətçilik və milli maraqlar ətrafında sıx birləşməlidirlər.Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, yeni dövrdə də bizim üçün vacib olan əsas hədəflərdən biri milli təhlükəsizliyin təmin edilməsidir. Ordumuzun döyüş qabiliyyətinin artırılması, hərbi sənaye kompleksinin gücləndirilməsi, eyni zamanda, sərhədlərimizin qorunması yeni mərhələdə də strateji imperativlər kimi hazırda mövcud mürəkkəb geosiyasi vəziyyət fonunda aktuallığını qoruyub saxlayır.Dövlətimizin başçısı bir daha rəsmi Bakının haqlı tələblərini bəyan etdi - Ermənistan Azərbaycana qarşı rəsmi ərazi iddialarına son qoymalı, Konstitusiyasına dəyişiklik etməli, ATƏT-in Minsk qrupu da ləğv olunmalıdır. Bu, istər Ermənistan, istərsə də onun destruktiv havadarlarına mesaj idi. Burada artıq siyasi oyunbazlığa, sülh müqaviləsini təhrif etmək kimi riyakar davranışlara yer yoxdur. Dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra qarşıda duran vəzifələri açıqlayarkən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin sürətlə aparılması ilə yanaşı, hərbi potensialımızın artırılmasının vacibliyini də xüsusi qeyd edir. Prezident İlham Əliyev qeyd etdiyimiz çıxışında da bu məqamı xüsusi vurğuladı. Bildirdi ki, birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Ölkəmizin müstəqil siyasətini, uğurlarını, hazırkı dövrdə tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını həzm edə bilməyən qüvvələr Azərbaycana qarşı əsassız təbliğatlarını getdikcə gücləndirirlər.Azərbaycan müstəqil, prinsipial xarici siyasət həyata keçirir. Ölkəmiz əməkdaşlıq məkanı kimi nüfuz qazanır. Ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin say tərkibinə, onların əhatə etdiyi mövzulara diqqət yetirsək, ölkəmizin beynəlxalq nüfuzunun yüksək səviyyədə, hər bir sahədə zəngin təcrübəyə malik olduğunu böyük inamla qeyd edə bilərik. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq.
Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Gülbəniz Əminova