Prezident İlham Əliyevin sədrliyi ilə 15 dekabr 2023-cü il tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirə keçirilmişdir. Belə mühüm və dünya miqyaslı bir tədbirin Azərbayanda keçirilməsinə dair qərarı bütün dünya ölkələri birlikdə qəbul etmişdir.
Qeyd etmək lazımdır ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və bununla da dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini nümayiş etdirmişdir. Həmçinin bu konfransın keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə qəbul olunmuşdur. Beynəlxalq birlik dedikdə 35-40 ölkə nəzərdə tutulmur, bura dünyanın bütün ölkələri daxildir və bu ölkələr Azərbaycana yekdilliklə öz dəstəyini göstərmişdir. 4 ildir ki, Qoşulmama Hərəkatına sədrlik edirik, bu isə 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir.
Bildiyimiz kimi, paytaxt Bakı şəhəri ayrı-ayrı vaxtlarda Formula 1, Avropa Oyunları, Beynəlxalq Astronavtika Konqresi və sair kimi beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir və etməyə də davam edir. Belə tədbirlərin Azərbaycanda keçirilməsi, əslində, ölkəmizin digər ölkələr arasında böyük nüfuza malik və güclü mövqelərə sahib olduğunun göstəricisidir. Beynəlxalq aləmdə Azərbaycana olan hörmətin artmasının səbəbi öz əməlimiz, işimiz və siyasətimizdir. COP29 bu tədbirlərin heç biri ilə müqayisə edilə bilməz. Belə ki, konfrans üçün 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək və iki həftə ərzində Azərbaycan dünyanın mərkəzinə çevriləcək.
Prezident İlham Əliyev müşavirə zamanı öz çıxışında bildirmişdir: "Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq".
Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aişə Həsənova