
Təsəvvür edin: bir əməkdaş səhər işə gəlir. O, sadəcə maaş üçün yox, həm də dəyər qazanmaq, öz zəhmətinin qiymətləndirildiyini görmək üçün addım atır. Lakin qarşısına çıxan mənzərə başqa olur – ədalətsiz bölgü, qərəzli yanaşma, haqsız tənqid. Bu an insanın daxili gücü tükənməyə başlayır. Gözlərindəki işıq da, yavaş-yavaş sönür.
Zədələnmiş idarəçilik prinsipləri insan psixologiyasını təkcə iş mühitində zədələmir, o, insanın həyatına da sirayət edir. İşdə duyduğu haqsızlıq evdəki söhbətlərinə, ailə münasibətlərinə, hətta sabaha olan ümidlərinə kölgə salır. Beləliklə, yanlış idarəçilik yalnız işin deyil, bütöv bir insan taleyinin iflasına səbəb olur.Düzgün idarəçilik isə əksinədir – insanın ruhuna toxunan, onu dirçəldən bir qüvvədir. Ədalətli söz, səmimi diqqət, sadə bir təşəkkür belə əməkdaşı qanadlandırır. İnsan özünü dəyərli hiss etdikcə, yalnız işinə deyil, bütün həyatına sevinc qatır.
Xüsusilə qeyd edim ki,cəmiyyətimizi sağlam görmək istəyiriksə, gərək bizim idarəçilərimiz əvvəlcə insanı, onun psixologiyasını ən əsası hörmətə olan ehtiyacını duysunlar. Çünki işin əsası – insandır. İnsanı itirən idarəçi, əslində, həm də öz gələcəyini itirir.
Bəhram Bilaloğlu