Laçının inkişafına təkan verəcək əsas hadisələrdən biri hava limanının istifadəyə verilməsi olacaq

Laçının inkişafına təkan verəcək əsas hadisələrdən biri hava limanının istifadəyə verilməsi olacaq Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonudur. Rayon respublukamızın cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Əvvəllər Abdallar adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tagı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılmışdır. Laçın sözü “məğrurluq” mənasını bildirir.
18 may 1992-ci ildə Laçın rayonu erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Buna qədər rayonda 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərmişdir. 58736 nəfər laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşmışdır. Rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmışdır.
Müzəffər Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 9 noyabr 2020-ci ildə Azərbaycan ordusu Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndlərini erməni işğalından azad etmişdir. 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bəyanat imzalamışdır. Bəyanata əsasən 1 dekabr 2020-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndləri istisna olmaqla Laçın rayonunun qalan ərazisi Azərbaycana qaytarılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 26 avqust Laçın şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.
Bu gün işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçın rayonunda da böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Şəhərin baş planı hazırlanıb. Baş planın konseptual əsasını "Təbiətlə vəhdətdə olan şəhər" yanaşması təşkil edir. Plana əsasən, Laçın şəhəri "ağıllı idarəetmə", müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək.
Laçının inkişafına təkan verəcək əsas hadisələrdən biri hava limanının istifadəyə verilməsi olacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir.
Laçın istər strateji baxımdan, istərsədə iqtisadi baxımdan ölkəmiz üçün vacibdir. Laçında sənaye müəssisələrinin qurulmasına və inkişaf etdirilməsinə eyni zamanda kənd təsərrüfatı, həm də turizmin inkişafı üçün kifayət qədər böyük imkanlar var. Laçın yenidənqurma və bərpa, həmçinin məskunlaşma mərhələsindən sonra nəinki Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın iqtisadi inkişafına xüsusi töhfə verən rayonlardan birinə çevriləcək.

Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini Turan Cəbiyeva

Oxşar xəbərlər