Laçın hava limanı Kəlbəcər rayonu ərazisində hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq

Laçın hava limanı Kəlbəcər rayonu ərazisində hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq
2021-ci ilin yanvarında Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev Laçın və Kəlbəcər rayonlarında hava limanının tikintisi üçün ərazinin axtarışına başlamaq barədə göstəriş verib. Bu ərazilərin relyefi çətin olduğundan münasib yerin tapılması xeyli vaxt apardı. Nəticədə Laçın rayonunun Qorçu kəndinin yaxınlığında torpaq işlərindən sonra hava limanının tikintisinin mümkün olacağı ərazi seçildi.
Hava limanının təməli Prezident İlham Əliyev birinci xanım Mehriban xanım Əliyevanın iştirakı ilə 2021-ci ilin avqustun 17-də qoyulub.
Dövlət başçısı bildirib ki, bu gün azad edilmiş torpaqlarda böyük infrastruktur obyektinin təməli qoyulur: “Laçın rayonunda beynəlxalq hava limanının tikintisi mənim tərəfimdən bir müddət əvvəl elan edilmişdir. Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək.Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq”.
İnşa ediləcək yeni hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, perron sahəsi 50 min kv. metr olacaq. Terminalın sahəsi 5 min kv. metrdir. Hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanında Laçın şəhərinə məsafə 30 km-dən bir qədər çox. Kəlbəcər şəhərinə məsafə isə 60 km-dən bir qədər çoxdur. Şuşa şəhərinə məsafə 70 km-ə yaxındır. Gələcəkdə Şuşa şəhərinə təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanından istifadə etmək mümkün olacaq.
Laçın hava limanının tikinti işləri 2024-cü ildə başa çatdırılacaq. Bu limanda hava hərəkətlərinin idarə edilməsi qülləsi, transformator otağı, su çəni, qazanxana, nəzarət-buraxılış məntəqəsi və digər yardımçı tikililərin layihələndirmə işləri həyata keçirilir. Gələcəkdə burada beynəlxalq uçuşların icrası zamanı üçün tam şərait yaradılacaq.
Laçın hava limanı Kəlbəcər rayonu ərazisində hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhvə verəcək.

Ramana qəsəbəsi, 198 № li məktəbin
rus dili müəllimi Ruhiyyə Qurbanova

Oxşar xəbərlər