Laçın rayonu Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Laçın şəhəridir. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdə Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci ildə işğal olundu. 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edildi
10 noyabr 2020-ci ildə imzalanmış birgə bəyanata əsasən Laçın heç bir itki vermədən işğaldan azad edildi. Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirildi. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edildi. Qeyd edək ki, Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizlədi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu. Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyib: “Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə”.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə