Laçının böyük hissəsi, o cümlədən Laçın şəhəri siyasi vasitələrlə azad edilib

Laçının böyük hissəsi, o cümlədən Laçın şəhəri siyasi vasitələrlə azad edilib Bildiyimiz kimi, aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib, giriş nitqi ilə çıxışından sonra tədbir iştirakçılarının suallarını cavablandırıb.
Prezident İlham Əliyev çıxışında sonuncu dəfə ötən il dekabrın əvvəlində ADA Universitetində forumda iştirak etdiyini bildirib. Daha sonra əlavə edib ki, həmin vaxtdan bəri Azərbaycanda və ətrafda bir çox hadisələr baş verib və bütün bu hadisələr müsbət məcrada cərəyan edib. Buraya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və sərhədlərin delimitasiyası daxildir.
Çıxışını COP29 mövzusu ilə davam etdirən Prezident İlham Əliyev bildirib ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir və biz hazırlığın fəal mərhələsindəyik. Bizim bir ildən az vaxtımız var idi və yaxşı nəticələr əldə etmək üçün olduqca fəal və səmərəli çalışmalıyıq.
Növbəti gün Forum iştirakçılarının Laçına səfər edəcəklərinə diqqət çəkən Prezident çıxışında söyləyib ki, bu gün irimiqyaslı inkişaf gedir, Laçın şəhərinin və onun yaxınlığındakı bir kəndin yenidən qurulması Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə tam bərpa edilmiş simasının göstəricisidir.
Bəli, Azərbaycan xalqı öz köklərinə həqiqətən nə qədər bağlı olduğunu nümayiş etdirir. Beləki, ötən ilin may ayında 30 ildən sonra oraya qayıdan Laçın şəhərinin ilk sakinlərinə evlərinin açarlarını təqdim etdiyini bildirən Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, hazırda növbəti sakinlər Laçına qayıdırlar və doğma yurdlarına geri qayıtmaq arzusunda olan məcburi köçkünlərin faiz nisbəti gözlədiyimizdən də artıqdır. Hətta oranı heç vaxt görməyən gənc nəsil belə orada olmaqdan həzz alır.
Laçının böyük hissəsi, o cümlədən Laçın şəhəri siyasi vasitələrlə azad edilib. Hazırda isə biz siyasi yolla davam edirik.
Giriş nitqinin sonunda Prezident İlham Əliyev əminliklə bildirib ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
laborantı Cahan Mahmudova


Oxşar xəbərlər