Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar

Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilib. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.
Ölkənin ümumtəhsil müəssisələrində müəllimlərin 81,7 faizi, orta istisas təhsili müəssisələrində 80,9 faizi, ali təhsil müəssisələrində 54,0 faizi, həkimlərin isə 67,0 faizi qadınlardır. Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 57,6 faizini qadınlar təşkil edir.
Qadınların Azərbaycan cəmiyyətində rolunun durmadan artmasına ən bariz nümunə Heydər Əliyev Fondunun Prezidenti, Mehribav Əliyevanın Azərbaycanın Birinci vitse prezidenti təyin olunması, Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunmasıdır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir.

Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva


Oxşar xəbərlər