Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi Prezident İlham Əliyevin özünə inamının göstəricisidir

Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi Prezident İlham Əliyevin özünə inamının göstəricisidir
Məlum olduğu kimi, Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Prezident İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb. 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünü və bütün ərazisində suverenliyini tam bərpa etmiş halda seçki marafonuna başlayacaq. Prezident seçkiləri ölkəmizin bütün ərazisində, o cümlədən azad olunmuş ərazilərmizdə keçiriləcək. Biz bu uğura Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində nail olmuşuq. Azərbaycanın qarşısında çox ciddi missiya və hədəflər durur: "Biz dövlətçiliyimizi, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməli, Qarabağda həyata keçirilən böyük abadlıq və quruculuq işlərini sürətləndirməliyik. Heç şübhəsiz ki, Azərbaycan bu missiyanın da öhdəsindən hər zaman olduğu kimi, uğurla və ləyaqətlə gələcək”.
2020-ci ildə Azərbaycan ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə nəinki bölgədə, bütövlükdə dünyamızda yeni reallıq yaratdı. 44 günlük Vətən müharibəsində düşməni tam kapitulyasiyaya uğradaraq ərazi bütövlüyümüzü bərpa etdik. Bu ilin sentyabr ayında bir sutkadan da az müddət ərzində keçirilən antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə suverenliyimiz tam bərqərar oldu. Bu qələbənin və uğurun əsas səbəbkarı məhz Prezident İlham Əliyevdir. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə yeni Prezident seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi Prezident İlham Əliyevin növbəti müdrikliyinin və uzaqgörənliyinin parlaq təzahürüdür. Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi Prezident İlham Əliyevin özünə inamının göstəricisidir. Qalib xalqın Qalib Prezidenti xalqın Ona olan dəstəyindən əmindir. Xalqımıza tarixi Zəfər qazandıran, Şuşada, Xankəndidə, Ağdərədə, Xocalıda, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda üçrəngli bayrağımızı ucaltmaqla 30 illik torpaq həsrətinə son qoyan Müzəffər Ali Baş Komandana xalqımızın sevgisi, dəstəyi hədsizdir. Bu gün öz doğma yurd-yuvalarına qayıdan insanların gözlərindəki sevinc Ali Baş Komandana xalq məhəbbətinin ən təbii göstəricisidir.
Azərbaycanın bu gün real olaraq getdikcə daha böyük gücə çevrilməsi bir çox Qərb ölkələrini ciddi şəkildə narahat etməkdədir. Buna görə də, həmin dövlətlərin təxribatlarının qarşısını almaq üçün ölkəmizdə siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Bu gün Cənubi Qafqazda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir beynəlxalq layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyü artıq bütün dünyaya məlum olan bir reallıqdır. Bununla yanaşı, bəzi Qərb dövlətləri Rusiyanın regionda mövqelərinin nisbətən zəifləməsini fürsət kimi dəyərləndirərək, Cənubi Qafqazda öz siyasi iradələrini region ölkələrinə qəbul etdirmək imkanı verən hansısa bir məqama sahib olmağa çalışırlar. Onların da bu cəhdlərinin qarşısı məhz Azərbaycan tərəfindən qətiyyətlə alınır. Avropa ölkələrinin enerji təhlükəsizliyində getdikcə rolu artan Azərbaycan artıq Avrasiya məkanında gedən geosiyasi proseslərə müdaxilə etmək imkanlarına sahiblənir. Ölkəmizdə yeni Prezident seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi Prezident İlham Əliyevin növbəti müdrikliyinin və uzaqgörənliyinin parlaq təzahürüdür. Biz təhlükəsizliyimizi, birlik və həmrəyliyimizi daha da gücləndirməliyik. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi irəlidə hələ daha böyük qələbələr gözləyir. Azərbaycan xalqı hər zaman bütün sınaqlardan ölkə rəhbərliyi ətrafında sıx birləşərək çıxıb. Bu dəfə də xalqımız böyük müdriklik və uzaqgörənlik nümayiş etdirərək növbəti dəfə öz liderlərinə sadiqliklərini nümayiş etdirəcəklər.


Elvin Dadaşlı,
Salyan rayon Arxarası kənd ümumi orta məktəbin direktoru

Oxşar xəbərlər