Xalqımız bu gün müasir Azərbaycan tarixinin ən qürurlu günlərini yaşayır. Vətən müharibəsində qazandığımız qələbə xalqımızın torpaq həsrətinə son qoydu, şanlı Zəfər bizim oldu. Azərbaycan bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. İkinci Qarabağ müharibəsində ən əsas məqamlardan biri Azərbaycan xalqı ilə Ali Baş Komandan birliyi oldu.
Xalq Prezidentin ətrafında bir yumruq kimi birləşərək ordumuza böyük dəstək verdi. Rəşadətli Azərbaycan Ordusu döyüş meydanında Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi. İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatiya və informasiya savaşı cəbhəsində də öz qətiyyəti ilə bütün təzyiqlərə məharətlə sinə gərdi, Azərbaycana qarşı informasiya blokadasını yardı, müharibə dövründə və müharibədən sonra dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına müsahibə verdi. Bu prinsipial siyasət nəticəsində daxili və xarici diplomatiyada qazandığımız böyük uğurlar bizi Zəfərə yaxınlaşdırırdı. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Üç rəngli, ay ulduzlu bayrağımız işgaldan azad edilmiş torpaqlarımızda dalğalanır və əbədiyyən dalğalanacaq!
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Zeynəb Abasova