Bu gün Azərbaycan öz tarixinin ən şanlı dövrünü yaşayır. Ölkə prezidentinin uğurlu hərbi islahatları, xalqın yenilməz birliyi və güclü xarici siyasət bu uğurun təməlidir.
Uzun illərdir ki, tarixi həqiqətləri sübutlarla dünya ictimaiyyətinə çatdıran Azərbaycan daxili siyasətdə də prinsipial mövqe tutaraq güclü ordu yaratmışdır. Nizamlanmış ordu yaratmaq dövlət başçısının fəaliyyətində prioritet istiqamət olmuşdur. Müasir silah-sursat və texnika ilə təmin olunan ordumuzun həmçinin döyüş qabiliyyəti də möhkəmləndirilmişdir. Torpaqlarımızı ələ keçirməyə çalışan düşmən ordu zəifliyindən və pərakəndəliyindən istifadə edərək yerə-göyə sığmayan vəhşiliklər törətdi və 30 illik bir ayrılığa səbəb oldu. Məhz bu səbəbdən Ulu Öndər Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev ilk addım olaraq möhkəm və güclü ordu yaratmaq üçün çalışırdılar. Onların uğurlu islahatı, güclü siyasi tədbirləri nəticəsində bu gün torpaqlarımız işğaldan azad olunub.
Tariximizin şanlı zəfərinin əldə edilməsində güclü ordu ilə yanaşı xalqın yenilməz birliyi də böyük rol oynamışdır. Nəinki ölkə daxilində, dünyanın hər bir yerində yaşayan azərbaycanlılar bu zəfərin əldə edilməsi üçün birlik göstərmiş, vahid yumruq halında birləşmişdir. Nəzərə alsaq ki, dünya ölkələrində güclü erməni lobbisi var, buna baxmayaraq soydaşlarımız yorulmaq bilmədən çalışmış, ruhdan düşməmiş, dünyanın hər bir ölkəsində vətənimizin haqq səsini eşitdirməyi bacarmışdılar. Soydaşlarımızla yanaşı Azərbaycanda yaşayan bütün xalqlar bu böyük ailənin bir üzvünə çevrilmiş, Qarabağ uğrunda ölümə getməyə hazır olmuşdurlar. Ordumuz ön cəbhədə, xalq isə arxa cəbhədə birləşərək bu şanlı zəfərin əldə edilməsində iştirak etmişdir.
Bu gün torpaqlarımızın işğaldan azad edilməsinin ən mühüm amillərindən biri də ölkə rəhbərinin düzgün və uğurlu xarici siyasətidir. Müharibə dövründə istər müxtəlif ölkələrdən edilən təzyiqlər, istərsə də, ordumuzun hərbi uğurlarına ləkə gətirmək üçün hazırlanan saxta xəbərlər ölkə rəhbəri tərəfindən layiqincə susdurulmuş və uğurlu bir şəkildə qarşısı alınmışdır. Bu dövr ərzində cənab prezident İlham Əliyev 30-dan çox media nümayəndələrinə müsahibə vermiş, sübut və dəlillərlə tarixi reallığı ictimaiyyətə çatdırmışdır. Torpaqlarımız işğal altında olduğu dövrdə də Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş və həqiqətləri təsdiq edəcək müxtəlif bəyannamələr qəbul edilmişdir. Əlbəttə ki, düşmən tərəf bu həqiqətləri də gözardı etmiş və torpaqlarımıza qarşı olan əsassız iddialarından əl çəkməmişdir.
Sadaladığımız hər bir amil elə müharibənin ilk vaxtarından öz gücünü göstərmiş, ilk saatlardan cəbhə xəttindən sevindirici xəbərlər gəlmişdir. Bir-birinin ardınca isə torpaqlarımız düşmən pəncəsindən xilas edilmişdir. Qısa bir dövrdə, sadəcə 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri düşmən ordusuna qalib gələrək öz ərazi bütövlüyünü bərpa etmişdir.
Azad olunan torpaqlarımızda görülən quruculuq işləri vətən tarixində yeni səhifə açmışdır. Bügünkü dövrümüzdə Prezident İlham Əliyev müxtəlif vaxtlarda bu ərazilərə səfərlər təşkil edir, bu ərazilərdə görülən işləri əhali ilə bölüşür, öz sevincini xalqına çatdırır. Artıq azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə genişmiqyaslı quruculuq işləri görülür, yeni məktəb binaları, uşaq bağçaları, xəstəxana və mehmanxanalar tikilir. Bu tarixi ərazilərimizdə mövcud olan və mənfur düşmən tərəfindən zərər görən muzey, məscid və binalarımız bərpa edilir. Azad olunmuş torpaqlarımıza yenidən işıqlanır, vətənimiz inkişaf edir. Ölkə prezidentinin də dediyi kimi: “Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Mən əminəm ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. Bu ərazilərdə yenidən uşaqlar oynacaq, məktəbə gedəcək, bu torpaqlara yeni həyat qayıdacaq!”.
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Səkinə Əliyeva