Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyuldu. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra həm prezident, həm də Ali Baş Komandan olaraq, ordunun qüdrətli olmasına diqqət yönəltdi.
Ulu öndər Heydər Əliyev ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırdı, bu əlaqələri daha da səmərələşdirdi, səmimiləşdirdi. Bütün fəaliyyətində xalqa güvənən, xalqın etimadına arxalanan ümummilli lider Heydər Əliyev xalqı ordunun güc mənbəyi, ordunu xalqın bir hissəsi bilirdi və əmin idi ki, xalqın orduya belə münasibəti, xalqın ordunu qayğı ilə əhatələməsi ordunun inkişafının və möhkəmlənməsinin əsas şərtlərindən biri oldu.
Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. 1994-cü il mayın 12-də cəbhədə rəsmən atəşkəs elan olunmasına baxmayaraq, ermənilər hələ də atəşkəs rejimini pozmaqda davam edirlər. Lakin Azərbaycan Ordusunun qəhrəman əsgərləri ön xətdə düşmənə layiqli cavab verir, işğalçı ordunun təxribatlarının qarşısını qətiyyətlə alırlar. 2016-cı ilin aprelində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenidən düşmənə öz gücünü göstərdi. Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı, eyni zamanda, Müdafiə Nazirliyinin düzgün qurduğu fəaliyyəti nəticəsində Ordumuzun üzü ağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri də o oldu ki, Azərbaycan Ordusu mənəvi-psixoloji döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat və peşəkarlıq baxımdan Ermənistan ordusunu nə qədər qabaqladığını əyani şəkildə ortaya qoydu və düşməndə bu üstünlüyü tam anladı.
Bildiyimiz kimi strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biridir. Düzgün strategiya, vahid komandanlıq, ordumuzun mənəvi-psixoloji əhval ruhiyyəsinin yüksək olması düşmən üzərində şanlı qələbə çalmağımıza və ərazi bütövlüyümüzü bərpa etməyimizə səbəb oldu. Böyük Qələbənin əldə olunmasında bütün qoşun növlərinin öz xidmətləri vardır. 44 gün davam edən hərbi əməliyyatlar zamanı xalq bir yumruq kimi birləşərək cənab Prezidentin və şanlı ordumuzun yanında oldu. Düzdür işğaldan azad olunan hər qarış torpağın uğrunda itgilərimiz oldu. 3000-ə yaxın şəhid verdik. Mənfur düşmən hərbi əməliyyatlar zonasından kənarda yerləşən böyük şəhərlərimizi ballistik raket atəşinə tutdu. Ancaq xalqımızın iradəsini qıra bilmədi.
44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. Düşmən qısa müddət ərzində və ən əsası bizim tərəfimizdən minimal itki verməklə tamamilə darmadağın edildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qeyd etmək lazımdır ki, Vətən müharibəsinin gedişində Azərbaycanın kəşfiyyat və zərbə dronları düşmən hədəflərinin müəyyənləşdirilməsində və məhv edilməsində mühüm rol oynadı, nəticədə işğalçı orduya məxsus milyonlarla dollar dəyərində hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edildi.
Azərbaycanda ordu dövlət üçün prioritetdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə hərbi qulluqçuların vəzifə maaşının artırılması dövlətin orduya növbəti qayğısının geniş ölçülü təzahürüdür. Bu qayğı dönməzdir, daimidir.
Silahlı Qüvvələrimiz müasir texnika, silah və sursatla təchiz olunmuş, ordunun zabit kadrları ilə komplektləşməsinə, hissə və birləşmələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə imkanlar yaratmışdır.
İkinci Qarabağ müharibəsi dövründə xalqımız Prezidentimiz və ordumuz ətrafında sıx birləşdi, möhkəm yumruq olduq. Düşmən üzərində tarixə yazılacaq qələbə çaldıq və 30 il işğalda olan 20% torpaqlarımızı azad etdik. Prezidentimizin, dövlətimizin, müzəffər ordumuzun səyi nəticəsində işğaldan azad olunan ərazilərimizdə həyat sürətlə bərpa olunur. Gələcək nəsillərimiz bu torpaqlarda yaşayıb, mədəni irsimizi bərpa edib yenidən tarix yazacaqlar.
Bu gün Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraqlarını belə döyüş meydanında qoyub qaçırlar. Haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan isə tutduğu yoldan dönmək fikrində deyil. Əmin idik ki, ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqlarımızı azad edəcək və etdi. Azərbaycan bayrağı Xankəndidə, Şuşada və digər yaşayış məntəqələrimizdə qaldırıldı.
Azərbaycanda istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə edilən bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl, dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir və bu gün ordu quruculuğu istiqamətində görülən işlərin uğurla davam etdirilməsi Azərbaycan dövləti və xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunun əyani sübutudur.
Müzəffər Azərbaycan Ordusu XXI əsrdə ilk dəfə olaraq, irimiqyaslı hərbi əməliyyatlarda qalib gəldi və öz ölkəsinin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, müasir təchizatına görə ən güclü ordular sırasında durduğunu bir daha təsdiq etdi.
Döyüşlərdə yüksək fədakarlıq göstərən Ordumuzun hər bir üzvü ona verilən tapşırığı böyük həvəslə və qürurla icra edir, döyüş meydanında Azərbaycan əsgəri adını, üçrəngli bayrağımızı şərəflə, məğrurla daha da zirvələrə daşıyırlar.
Azad Şuşada dağlalanan üçrəngli bayrağımız, azad olunmuş ərazilərimizdəki bərpa-quruculuq prosesi, məcburi köçkünlərin doğma yurd-yuvalarına dönüşü bu günləri bizə yaşadan Milli Odumuza və onun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə xalq məhəbbətini və inamını gündən-günə artırır.
Pirşağı qəsəbəsi, 112 saylı tam orta məktəbin
Ibtidai sinif müəllimi İlahə Abdullazadə