Azərbaycan Silahlı Qüvvələri hər birimizin qürur yeri, iftixar mənbəyidir

Azərbaycan Silahlı Qüvvələri hər birimizin qürur yeri, iftixar mənbəyidir Qüdrətli Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin dövlətçilik məsələlərində yaratdığı şah əsəridir. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən dövrdə bu ordunu dünyanın ən mütəşəkkil Silahlı Qüvvələri sırasına yüksəltməklə Azərbaycanı nurlu bir yola çıxarda bildi. “26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü”nü Zəfərlə qeyd etməyimizin təməlində məhz yüksək ordu quruculuğu siyasəti dayanır.
Əcdadlarımızın 104 il əvvəl yaratdığı Azərbaycan Silahlı Qüvvələri hər birimizin qürur yeri, iftixar mənbəyidir. Müstəqilliyin əvvəllərində nizami ordunun olmaması, respublika rəhbərliyinin səriştəsizliyi nəticəsində torpaqlarımız işğal olundu, ölkə parçalanmaq təhlükəsi ilə üzləşdi. 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğu işində də əsaslı addımlar atmağa başladı. Qısa müddətdə formalaşdırılan Azərbaycan Ordusu elə ilk qələbəsini də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Horadiz əməliyyatında qazandı. Bu əməliyyat nəticəsində 20-dən çox kənd və Horadiz qəsəbəsi işğaldan azad olundu. Məhz Ulu Öndərin müstəsna fəaliyyəti nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparıldı. Aparılan islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrini özünümüdafiə dəstələrindən beynəlxalq standartlara cavab verən, vahid komandanlıqdan idarə olunan qüdrətli hərbi struktura çevirdi. Orduda vəziyyət köklü surətdə dəyişdi. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi Liseyin yaradılmasına nail oldu. Azərbaycan müstəqilliyini bərpa edəndən məhz bu məktəb ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Ulu Öndərin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsi mümkün oldu.
1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Ümummilli Liderin ideyalarını layiqincə həyata keçirən Prezident İlham Əliyev ordu quruculuğu prosesini daha da sürətləndirdi. Ordunun güclənməsi üçün lazım olan bütün imkanlardan səmərəli istifadə olundu. Dövlətimizin başçısı mütəmadi olaraq cəbhə bölgələrində dayanan əsgərlərlə səngərlərdə görüşür, Azərbaycan Ordusunun hansı səviyyədə olmasını şəxsən müşahidə edir. Milli Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi də ciddi nəzarətdə saxlanılırdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi potensialının gücləndirilməsi, beynəlxalq standartlara cavab verən müasir ordunun yaranması və Milli Ordumuzun daha da qüdrətlənməsi üçün xeyli iş görülüb. Bütün bu görülən islahatların nəticəsində Ordumuz işğal altındakı torpaqlarımızı azad etməyə qadir oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun beynəlxalq standartlar, xüsusilə NATO səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır. Ordu quruculuğunun, hərbçilərin peşəkarlığın daha da artırılması üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə həyata keçirilir.
Hazırda Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilmiş, vətənin müdafiəsinə daim hazır vəziyyətdə olan yüksək nizam-intizama malik bir ordudur. Bu gün Azərbaycan Ordusu sözün həqiqi mənasında bölgədə ən güclü ordudur. Güclü ordu güclü dövlət deməkdir. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. 27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində 44 gün ərzində düşməni darmadağın edən rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək böyük tarixi missiyanın öhdəsindən uğurla gəldi. Azərbaycan Ordusu bu qələbə ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə yanaşı, hərbi qüdrətini və xalqımızın sarsılmaz vətənpərvərlik əzmini bütün dünyaya nümayiş etdirdi.
Bu gün tarixi ədalət, beynəlxalq hüquq, iqtisadi güc, hərbi qüdrət bizdədir. Möhtəşəm Zəfərimizi şərtləndirən amillərdən kimi də məhz birliyimiz, həmrəylimiz oldu. “Dəmir yumruq” birliyimizin rəmzidir. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq və gələcəkdə də qarşıda duran məsələləri həll etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.



Heydər Quliyev,
Salyan RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları
və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi,
Vətən müharibəsi iştirakçısı

Oxşar xəbərlər