Xalq-Ordu birliyi sayəsində qazanılmış qələbə

Xalq-Ordu birliyi sayəsində qazanılmış qələbə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi ölkəmizin müstəqilliyinin tarixidir. Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Hökumətin qərarı ilə Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması və bununla da ilk nizami hərbi hissənin yaradılması milli silahlı qüvvələrin formalaşdırılmasında mühüm addım idi. Bu qərar müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi.

Xalq Cümhuriyyəti süqut etdikdən sonra isə ölkəmizdə milli ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil edildi. Ulu öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olundu. Bu gün C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Lakin bu nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçmişdir. 1993-cü ilin yayında Ümummilli Liderin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra da ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və

texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Prezident İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir. Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar: şəxsi heyət arasında hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı qazandırmışdır. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət Dağlıq Qarabağda böyük Qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərdi, ölkədə möhtəşəm milli birliyə nail olundu və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etdi. Sonda hədəfinə çatan Ölkə başçısı ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.

Dövlət-xalq-ordu birliyi, İlham Əliyev siyasəti, xalqın liderinə olan inamı, Azərbaycan əsgərinin yüksək peşəkarlığı qarşısında Ermənistan kapitulyasiyaya məcbur oldu. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə və tarixi Zəfərdən sonra Azərbaycan xalqına etdiyi müraciətlərdə, dünyanın müxtəlif ölkələrinin otuza yaxın aparıcı xəbər agentliklərinə Azərbaycan, türk, rus və ingilis dillərində verdiyi müsahibələrdə ifadə olunan aydın məntiq, sərrast cavablar, xalqımıza, ordumuza sarsılmaz inam, istənilən vəziyyətdə manevr etmə qabiliyyəti müharibənin taleyində xüsusi rol oynamışdır. Bu, yeni şanlı tarixin başlanğıcı, İlham Əliyevin uğurlu siyasətinin nəticəsi və böyük liderin qələbəsiydi

Quliyev Kamran Kazım oğlu

Qərbi Kaspi Universitetinin Media Mərkəzinin əməkdaşı

Oxşar xəbərlər