Düzgün strateji xətt Azərbaycanı etibarlı müttəfiqə çevirib

Düzgün strateji xətt Azərbaycanı  etibarlı müttəfiqə çevirib
Azərbaycan dünyanın və bölgənin bütün dövlətləri ilə qarşılıqlı etimad və hörmət əsasında əməkdaşlığı davam etdirir. Ölkə Prezidenti İlham Əliyevin sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsində çıxışı zamanı səsləndirdiyi fikirlər bunu bir daha təsdiq etdi.
Azərbaycan Prezidenti cari ildə Tacikistana iki dəfə səfər edib. Aprel ayında baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi.
Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.
“Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk” – Azərbaycan Prezidenti bildirib.
Qeyd edək ki, son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişdir. Eyni zamanda, bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana səfərlər ediblər. Bu ölkələrlə ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb.
Prezident İlham Əliyev Düşənbədəki çıxışında bu məqamlara toxunub: “Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır. Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır”.
Dövlət başçısı bildirib ki, Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.
Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir.
Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
Təkcə 2023-cü ildə Azərbaycanla Tacikistan arasında bir sıra mühüm sənədlər imzalanıb:
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycanın Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
Bundan başqa, iki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.
Ölkə rəhbərinin müəyyənləşdirdiyi strateji əməkdaşlıq xətti Azərbaycanı dünya dövlətlərinin mühüm tərəfdaşına çevirib. Ölkəmiz siyasi, iqtisadi, hərbi, mədəni və strateji sahələrdə etibarlı tərəfdaş və güclü müttəfiq kimi beynəlxalq arenada əhəmiyyətli yerlərdən birini tutur.

Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta
məktəbin direktoru Gültəkin Rüstəmova


Oxşar xəbərlər