Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. O, çıxışı zamanı Azərbaycanın bu region ölkələri ilə yeni əməkdaşlıq sahəsi barədə danışıb. Bildirib ki, ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.
AzerTelecom şirkəti Azərbaycan vasitəsilə qitələr arasında müasir telekommunikasiya infrastrukturunun yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsi Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və digər ölkələrin ərazilərindən keçərək rəqəmsal rabitənin sərhədlərini genişləndirəcək və ucqar ərazilərə bağlantı xidmətləri təqdim edəcək. “Rəqəmsal İpək Yolu” meqalayihəsinin əsas komponentlərindən biri olan Transxəzər Fiber Optik Kabel Xətti 380 km uzunluğunda olaraq 400 terabit/s-ə qədər datanın ötürülməsini həyata keçirəcək. “Rəqəmsal İpək Yolu” marşrutunun müxtəlif seqmentlərini birləşdirməklə yanaşı, bu çoxterabitli məlumatların nəqlini təmin edəcək fiber-optik magistral xətt regionda telekommunikasiya sənayesinin inkişafına və beynəlxalq iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.
Bəhsi gedən “Rəqəmsal İpək Yolu” layihəsi nəyə xidmət edir?
“Rəqəmsal İpək Yolu” – AzərTelekom telekommunikasiya operatoru tərəfindən həyata keçirilən və Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafının sürətləndirilməsinə yönəlmiş irimiqyaslı layihədir. Proqram çərçivəsində icra olunan bu layihə Avropanın internet mərkəzlərindən rəqəmsal kontentin və internet xidmətinin məhz Azərbaycan üzərindən Asiya ölkələrinə daşınması nəzərdə tutur. 2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası`nda da Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin icrasının sürətləndirilməsi, Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə sahib olacaq fiber-optik internet xəttinin qurulması prioritet vəzifə olaraq qəbul olunub. Layihənin məqsədi beynəlxalq internet marşrutlarının Azərbaycandan keçməsi, ölkədə və regionda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafıdır. Bundan başqa, Asiya və Avropa arasında rəqəmsal dəhlizin yaradılması, eləcə də sualtı və yerüstü fiber-optik magistral kabel xətlərinin çəkilməsi daxildir.
Hal-hazırda Mərkəzi Asiya ölkələri informasiya və internet baxımından Rusiya üzərindən gələn internet kabeli ilə təchiz olunur. Həm Mərkəzi Asiya, həm Avropa ölkələri internet kabelinin Rusiyadan yan keçməklə Mərkəzi Asiya ölkələrinə keçməsinin qənaətindədirlər. Buna görə də Azərbaycan hökuməti belə bir təşəbbüsə start verib. Bu təşəbbüsə Özbəkistan, Tacikistan, Qazaxıstan və Türkmənistan qoşulub. Gələcəkdə bu kabelin uzanaraq Çinə qədər davam etməsi gözləniləndir.
Qeyd etmək lazımdır ki, “Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib”.
Prezident İlham Əliyev Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə qeyd olunan məlumatları işıqlandırmaqla yanaşı, eyni zamanda vurğulamışdır ki, ğlkələrimiz arasında əməkdaşlığın yeni sahəsi kimi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsi perspektiv layihə olaraq iki ölkə arasındakı münasibətlərin müsbət inkişaf dinamikasında böyük rol oynayacaq.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
direktoru Mehriban Hacıyeva