Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur

Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur
Prezident İlham Əliyev cari ilin 5 aprel tarixində Tacikistan Respublikasında səfərdə olub. Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşıladılar.
Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Prezident İlham Əliyevin son bir-iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir.
Azərbaycan və Tacikistan ölkələri arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İqtisadi münasibətlərə gəlincə, 2008-ci il fevralın 7-də Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb.
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalanıb. Bundan başqa, Xocənd və Gəncə qardaşlaşmış şəhərlərdir.
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin fəxri doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib.
Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.
2023-cü il mayın 1-dən “Azərbaycan Hava Yolları” QSC tərəfindən Bakı-Düşənbə-Bakı marşrutu üzrə həftədə üç dəfə olmaqla beynəlxalq uçuşların həyata keçirilməsi planlaşdırılır.
Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.


Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə

Oxşar xəbərlər