Azərbaycan bir çox sahələrdə etibarlı tərəfdaş olaraq nüfuzunu möhkəmləndirib. Buna səbəb Azərbaycan respublikasının prezidentinin uzaqgörən siyasəti, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan düzgün diplomatik strategiyasıdır. Bütün bu amillər Azərbaycanın dünya dövlətləti arasında etibarlılığını daha da artırır. Bu baxımdan Mərkəzi Asiya ölkələri ön plandadır. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığa məqsədyönlü diqqəti dünya arenasında əhəmiyyət kəsb edən iki region arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. Elə məhs bu siyasətinin göstəricisidir ki , cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. 2023-cü ilin 14 sentyabrında Prezident İlham Əliyevin Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın hazırda dünya arenasında oynadığı mühüm rolu nümayiş etdirir.
Dövlət başçısının öz çıxışında qeyd etdiyi kimi Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrində Türk dünyası ilə münasibətlər xüsusi önəm daşıyır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk” prezidentin Tacikistan səfərindəki çıxışında qeyd etdiyi bu fikirlər, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin böyük tarixi keçmişə və sıx birliyə əsaslandığının bariz nümunəsidir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə genişlənən əlaqələri, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə” və Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”də öz əksini tapır. İkitərəfli kontekstdə möhkəmlənən bu əlaqələr sonda vahid mərkəzdə birləşərək vahid gücə çevrilir. Bütün bunların təməlində isə Azərbaycan Prezidenti İlham Əliyevin və şəxsi təşəbbüsləri, səyləri və qətiyyəti dayanır. Son iki il ərzində prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrində 9 dəfə rəsmi dəfərdə olub.
İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.
Bildiyimiz kimi dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək.
Bu gün Çindən, Mərkəzi Asiyadan Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımaları ölkəmizin ərazisindən keçir ki, bu da Azərbaycana marağı artırır.Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Bütün bunlar da göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qurulan əlaqələr böyük imkanlar vəd edir.
Bakıxanov qəsəbəsi, 80 saylı tam orta məktəbin
Tarix müəllimi Afət Nəbiyeva