Azərbaycan dövlətinin tarixində uğurlu idarəçi, rəhbər dedikdə ağıla ilk gələn şəxsiyyətlərdən biri, ulu öndər Heydər Əliyevdir

Azərbaycan dövlətinin tarixində uğurlu idarəçi, rəhbər dedikdə ağıla ilk gələn şəxsiyyətlərdən biri, ulu öndər Heydər Əliyevdir
Azərbaycan çox qədim tarixə, zəngin mədəniyyətə, yeraltı və yerüstü sərvətlərə sahib bir ölkədir. Buna görə də tarix boyunca yadellilərin gözü hər zaman torpaqlarımızda olmuş və hər daim öz işğalçılıq siyasətlərini həyata keçirmişlər. Bütün bunlara rəğmən, ölkəmiz bütün sahələrdə günü-gündən inkişaf edir, öz dövlətçilik ənənələri ilə dünya miqyasında tanınır. Əlbəttə ki, bu nəaliyyətlər illər boyu çəkilən zəhmətin və ən əsası, düzgün idarəetmə strategiyasının nəticəsidir.
Azərbaycan dövlətinin tarixində uğurlu idarəçi, rəhbər dedikdə ağıla ilk gələn şəxsiyyətlərdən biri, ulu öndər Heydər Əliyevdir. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdır. Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət edilmiş və ölkəmizin ən çətin günlərində o, Ali Sovetin sədri kimi fəaliyyətə başlamışdır. Onun bu vəzifəyə təyin olunduğu gündən bəri qarşısına qoyduğu tək məqsəd, Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumaq, onu möhkəmləndirmək və inkişaf etdirmək olmuşdur. O, bu məqsədlə müxtəlif addımlar atmağa başladı. Həmin dövrdə xalq ölkədəki siyasi vəziyyətdən bixəbər idi. Buna görə də Ulu öndər Heydər Əliyev Milli Məclisin bütün iclaslarını, konfransları, respublika əhəmiyyətli müşavirələri birbaşa yayımla televiziya ekranlarında nümayiş etdirdi və gərginliyin aradan qaldırılması üçün müxtəlif tədbirlər gördü. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etmişdir. Qısa zaman ərzində öz uğurlu siyasəti sayəsində ölkədə ictimai-siyasi sabitliyi bərpa etmiş, sosial-iqtisadi yüksəlişə yol açan addımlar atmışdır.
Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Ulu öndər hələ ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini diqqət mərkəzində saxlamış və bu istiqamətdə müxtəlif uğurlu addımlar atmışdır.
Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Onun idarəçiliyi dövründə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında dirçəliş baş verdi. Bir dövlət kimi zamanın ən çətin, ağır sınağından məhz onun sayəsində üzüağ çıxa bildik. Ulu öndərin idarəçiliyi dövründə ölkəmizdə hərb sahəsində də xeyli irəliləyişlər olmuşdur. Belə ki, Ulu öndər Heydər Əliyevin xalqa müraciətindən sonra vətənini sevən ancaq ölkədən kənarda hərbi xidmət keçən zabitlərimizin Azərbaycana axını başladı. Bu müraciətdən sonra ordudan yayınma hallarının, cəbhədəki geriləmələrin qarşısı alındı.
Ümumilli Lider öz fəaliyyəti dövründə hər zaman xalqa sədaqətlə xidmət etmiş, onlara arxalanmışdır. Təbiiki millətimiz də öz növbəsində Heydər Əliyevə qarşı böyük hörmət, sevgi və rəğbət bəsləmişdir. Ölkənin çətin günlərində xalq əmin idi ki, Ulu öndər Heydər Əliyev öz uğurlu siyasəti nəticəsində dövlət müstəqilliyimizi hər zaman qoruyacaq və ölkəmizi parçalanmaqdan xilas edəcək. Ümumilli Liderin Azərbaycan dövlətinin rəhbəri olması ölkəmizi məhv olmaqdan , dövlətçiliyimizin itirilməsindən xilas etdi və güclü, demokratik, suveren, konstitutsiyalı, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevrilməsinə müvəffəq oldu. Bir sözlə əminliklə deyə bilərik ki, Azərbaycanın dirçəlişi məhz Heydər Əliyevin adıyla bağlıdır.

Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
informatika müəllimi Qönçə Rəhmətzadə

Oxşar xəbərlər