İqtisadiyyat bütün dövlətlərin inkişafının özəyini təşkil edir. Onu da deyə bilərəm ki, dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Azərbaycanda iqtisadi inkişaf özünəməxsus inkişaf metodu ilə fərqlənir.
Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyin birinci dövründə iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. Bu dövrlərdə inkişaf səviyyəsinə görə Azərbaycan SSRİ tərkibində olan dövlətlərdən xeyli fərqlənirdi. Bu ondan irəli gəlirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan daim diqqət mərkəzində idi. Heydər Əliyev Azərbaycanda Kommunist Partiyasının sədri seçilməmişdən qabaq Azərbaycan iqtisadiyyatında durğunluq və tənəzzül hökm sürürdü. Lakin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadi inkişafının əsl çiçəklənən dövrünü yaşayırdı. Bütün sahələrlə yanaşı, iqtisadiyyatda da bu yüksək inkişaf Azərbaycanı digər ölkələrdən fərqləndirirdi. Ulu Öndər Heydər Əliyev neft və qaz sahəsində də bir çox addımlar atdı. O dövrlərdə bir çox neft sahəsinə aid olan sənayelərin təməli qoyuldu və istifadəyə verildi. 70-80-cı illərdə Azərbaycanda iri dəniz neft donanması yaradıldı.
1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Ulu Öndər Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Ulu Öndər Heydər Əliyev başa düşürdü ki, bu problemlər öz həllini tapmasa Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz.
Ulu Öndər Heydər Əliyevin ən mühüm nailiyyəti neft sahəsində oldu. Azərbaycan neftinin dünya bazarına çıxarılması və neftdən əldə olunan gəlir ilə milli büdcəni bərpa etmək və möhkəmləndirmək, əhalinin yaşam səviyyəsinin yüksəldilməsində mühüm bir addım idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Əsrin müqaviləsində dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkəti iştirak etmişdir. Bu bağlanmış müqavilə neft sahəsində Ulu Öndər Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi.
Məhz Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı kimi Azərbaycan yeni inkişaf mərhələsinə Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik dövlət quruculuğu modelini, öz iqtisadi inkişaf strategiyasını və mədəni-mənəvi dəyərlərini düşünülmüş surətdə həyata keçirmək əzmi ilə qədəm qoydu.
Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Tarix müəllimi Mədinə Qafarova