“Biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”

“Biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”
Azərbaycanın xarici siyasətində Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrin inkişafı əsas yer tutur. Avropa İttifaqına üzv dövlətlərin bir çoxu Azərbaycanı özünə strateji tərəfdaş hesab edir. Ölkəmizlə Avropa İttifaqı arasında sıx əməkdaşlıq Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynadı. Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri Azərbaycan–Balkan ölkələri münasibətlərində yeni səhifə, rəsmi Bakının Avropa İttifaqının enerji təhlükəsizliyində çəkisinin artmasına mühüm töhfə oldu. Prezident İlham Əliyevin özünün də ifadə etdiyi kimi: “Biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”. Görüş və imzalanma mərasimlərində Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Avropa İttifaqının rəsmilərinin də davranışlarından da göründü ki, onlar Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, bu prosesdə Prezident İlham Əliyevlə birlikdədirlər. Xüsusən Bolqarıstanın Prezidenti və Aİ komissarının çıxışlarında bu, özünü daha aydın formada göstərdi.
Aprelin 25-də Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri, səfər çərçivəsində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında Anlaşma Memorandumu”nun imzalanması, Sofiyada SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı kimi mühüm hadisələr iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi barədə aydın təsəvvür yaradır. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Azərbaycan təbii qaz təchizatçısı kimi əhatə arealını genişləndirməkdədir. Prezident İlham Əliyev məhz belə amilləri nəzərə alaraq Sofiyada bəyan etdi ki, “Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var".
Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. TAP layihəsi uğurla reallaşdırıldıqdan sonra Prezident İlham Əliyevin enerji siyasətinin yeni səhifəsi olan “Həmrəylik Halqası”na start verilməsi məhz bu konsepsiya ilə üst-üstə düşür. Azərbaycan qazının Yunanıstan ərazisindən İtaliyaya ötürülməsini ehtiva edən TAP-a əlavə olaraq “Həmrəylik Halqası” 10-dan çox Avropa ölkəsinin enerji təminatında Azərbaycanı söz sahibinə çevirəcək və Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələr yeni mərhələyə daşınacaq. Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində bolqarıstanlı həmkarı Rumen Radev ilə təkbətək görüşündə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı xüsusi qeyd olundu. “Həmrəylik Halqası” STRİNG layihəsinin uğurla həyata keçiriləcəyinə əminlik ifadə edildi. Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfə xüsusi vurğulandı.
Prezident İlham Əliyevin Bolqarıstana səfəri zamanı keçirilən görüşlərdə elektrik enerjisinin ixracı, bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, dost ölkədə enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə edilmişdir. Belə bir hədəf irəli sürülmüşdür ki, SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının vaxtı çatıb və bunu yaxın vaxtlarda edəcəyik. Heç şübhəsiz, qısa zamanda gerçəkləşən bu hədəf Azərbaycanın etibarlı tərəfdaş kimi təqdimatına yeni əlavələr edərək, SOCAR-ın beynəlxalq nüfuzunu daha da artıracaqdır.


Gülşən Nağıyeva,
Salyan şəhər 5 saylı ümumi orta məktəbin psixoloqu


Oxşar xəbərlər