Anlaşma Memorandumunun mühüm əhəmiyyəti

Anlaşma Memorandumunun mühüm əhəmiyyəti
2023-cü il aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalamışlar.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ötən illər ərzində ölkəmiz hər bir sahə üzrə inkişaf edib, nailiyyətlər qazanıb. O cümlədən ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artması, dünya siyasətində yerinin və rolunun möhkəmləndirilməsi istiqamətində də çox böyük nailiyyətlər əldə edilib. Bu prosesdə mühüm amillərdən biri Azərbaycanın həyata keçirdiyi uğurlu enerji siyasəti, ölkəmizin müəllifi və iştirakçısı olduğu transmilli, qlobal xarakterli layihələrdir. Qeyd etmək lazımdır ki, bu gün Xəzəryanı ölkələr arasında geniş əməkdaşlıq münasibətləri mövcuddur. Bu platformanın yaradılmasında və funksionallığının təmin olunmasında Azərbaycanın rolu əvəzsizdir. Azərbaycan hər zaman Xəzərdə dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılmasına böyük səy göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın imzalanması da buna nümunədir.
İmzalanan memorandum Azərbaycan ilə neft-qaz sahəsində əməkdaşlıq baxımından yeni səhifə açır. Azərbaycan bu sahədə mühüm və sınaqdan çıxmış tərəfdaşdır.
SOCAR-ın məlumatına görə 2023-cü il yanvarın 1-dən etibarən təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqli başlayıb.
2022-ci il iyulun 18-də Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanan zaman Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen bildirib ki, Azərbaycandan qaz ixracı iki dəfə artır.
Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında Əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Ruminiya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Ölkələr arsında məhsuldar münasibətlərin, yüksək həmrəyliyin və strateji tərəfdaşlığın təmin edilməsi məqsədini daşıyan liderlərimizin uzaqgörən siyasəti və yorulmaz səyləri nəticəsində bu gün biz Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşmasının şahidi oluruq. Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük bir addımdır. Bu yeni layihə Cənub Qaz Dəhlizi sayəsində iki ildən də artıq müddət ərzində tərəfdaşlarımız üçün etibarlı və sabit enerji təchizatında strateji rol oynayan ölkədən – Azərbaycandan olan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək. Azərbaycan Prezidentinin Bolqarıstan səfəri və burada imzalanan memorandum göstərir ki, Azərbaycanın Avropanın enerji təminatında rolu və əhəmiyyəti artır. Bu da Azərbaycanın nüfuzunun artdığının göstəricisidir.


Faiq Zərbəliyev,
Salyan rayon Peyk kənd tam orta məktəbin direktoru, YAP fəalı



Oxşar xəbərlər