Ötən həftəsonu dünyanın gözü Pakistanda oldu. ABŞ-İsrail müştərək qüvvələrinin bombardman etdiyi İran İslam Respublikasına hücumların dayanması, iki həftəlik atəşkəsin əldə olunmasında məhz rəsmi İslamabad müstəsna rol oynadı. Əvvəldən də müsbət nəticənin olmayacağı gözlənilən İslamabaddakı ABŞ-İran danışıqlarının yaxın günlərdə yenidən keçiriləcəyi deyilir. Azərbaycanın müttəfiqi, nüvə dövləti olan Pakistan hazırda bütün qlobal güc mərkəzləri ilə yaxşı münasibətlərə malik azsaylı ölkələrdən biridir. Bəli, Pakistan həm ABŞ-Böyük Britaniya, həm Çin-Rusiya-İran kimi qütblərlə əlaqələri normal səviyyədə saxlamağı bacarır. Elə atəşkəsin əldə olunması və danışıqlara ev sahibliyi edilməsi də məhz bu sadalanan amillərdən irəli gəlir. Xüsusən də Pakistanın baş naziri Şahbaz Şərifin burada vasitəçi kimi əlahiddə rolu var.
Nüvə dövlətinin rəhbərlərinin taleyi
Lakin Pakistanda prezident və ya baş nazir olmaq “şir ürəyi yemək” kimi cəsarət tələb edir. Baxmayaraq ki, nüvə silahına malik dövlətdir, bununla belə, təhlükəsizlik və sabitlik cəhətdən digər nüvə ölkələri ilə müqayisədə qeyri-stabil yerdir. Yəni sui-qəsdlər, terror aktları, müxtəlif silahlı qruplaşmaların mövcudluğu...
O baxımdan Pakistan o ölkələrdən deyil ki, rəhbəri hamar siyasi karyera yaşasın. Bu dövlətin liderləri ya öldürülür, ya sui-qəsdə məruz qalır, yaxud həbs olunur. Məsələn, keçmiş baş nazir Benazir Bhuttonu yada salaq. 1999-cu ildən Dubayda sürgün həyatı yaşayan Benazir Bhutto səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıtmağa müvəffəq olur. Seçkiyə qatılmaq üçün Pakistana dönməyə qərar verən Bhuttoya Pərviz Müşərrəf “Əl-Qaidə” terror təşkilatından təhlükə gözlənildiyi xəbərdarlığı edir. Bhutto isə xəbərdarlığa məhəl qoymur və 27 dekabr 2007-ci ildə 54 yaşında Ravalpindi şəhərində seçki mitinqindəki çıxışında sui-qəsdlə öldürülür.
Pərviz Müşərrəf özü də ölümdən dönən liderlərdən biri olub. Belə ki, 2003-cü ildə prezident olan Müşərrəfə Pakistanın Peşəvər şəhərində sui-qəsd cəhdi edilir. Pakistan hərbi hava qüvvələrinin keçmiş texniki olan puştun Niaz Məhəmməd bu əməlinə görə Xaripur şəhərində edam olunub. Ümumiyyətlə, Müşərrəfin həyatına 3 dəfə sui-qəsd təşkil edilib. Bundan başqa, ölkənin rəsmi strukturlarının iddiasına görə, ona qarşı daha 14 sui-qəsd cəhdinin qarşısı alınıb.
Pakistanın sabiq baş naziri, Azərbaycanı da çox sevən İmran Xan da sui-qəsdlə üzləşib, lakin bəxti gətirib. Daha sonra korrupsiya ittihamı ilə həbs edilib. Bu, hələ yaxın tarixdir.
Daha əvvəl isə general Məhəmməd Züya-ül-həqq hamisi olan Zülfüqar Əli Bhuttonu devirməklə qalmayıb, onun edam edilməsini də lazım bilib. Ancaq 10 il sonra hansısa qüvvə Ziya-ül-həqqin aviaqəzada həlak olmasını təşkil edib. Bu işdə şübhələr SSRİ-nin üzərinə yönəlib. Bundan başqa, Pakistanda 4 dəfə baş nazir olmaq imkanı qazanmış Nəvaz Şərif də cinayət məsuliyyətinə cəlb edilən liderlərdəndir. Ona qarşı irəli sürülən ittihamlar əsasən korrupsiya ilə bağlıdır. 2018-ci ildə qızı Məryəmlə birlikdə Pakistana qayıdan Nəvaz Şərif ölkənin Lahor hava limanında həbs olunub. Kəsəsi, Pakistanda lider olmaq çətin və risklidir.
İki qardaşın məşəqqətli yolu - film kimi
İndi isə bu nüvə və İslam dövlətinin lideri Şahbaz Şərif digər bir İslam ölkəsini - nüvə silahı əldə etmək istəyən İranı iki həftəlik bomdardmandan xilas edib. Ancaq bunu sona qədər bacaracaqmı - fikir söyləmək çətindir. Görünən budur ki, hərbi əməliyyatların bərpası hər iki tərəf üçün zərərlidir. Şahbaz Şərif isə çalışır ki, atəşkəs dayanıqlı olsun. Sülh və barış tərəfdarı, Azərbaycanın dostu olan Pakistanın liderinin keçdiyi siyasi yola gəlincə, olduqca maraqlıdır. İndi hamını maraqlandıran da məhz budur - müharibəni dayandıran Şərif kimdir....
Onun ad-soyadının tam yazılışı Mian Məhəmməd Şahbaz Şərifdir. 1951-ci ildə Lahorda doğulub. O, Pakistanda Pəncab dilli Kəşmir siyasi ailəsindən olan Şərif ailəsindəndir. Onun atası Məhəmməd Şərif orta səviyyəli bir iş adamı və sənayeçi idi, ailəsi iş üçün Kəşmirdəki Anantnaqdan köçüb və sonda 20-ci əsrin əvvəllərində Pəncabın Amritsar rayonundakı Jati Umra kəndində məskunlaşıb. Anasının ailəsi Pulvamadan gəlib. 1947-ci ildə Hindistan və Pakistanın bölünməsindən sonra ailəsi Amritsardan Lahora köçüb. Şahbaz 1973-cü ildə Nüsrət Şahbazla ailə qurub. Onların dörd övladı var: Salman, Həmzə və əkiz bacıları Caveriya və Rəbiyyə. 2003-cü ildə isə Şahbaz ikinci həyat yoldaşı Təhminə Durrani ilə evlənib.
Əvvəllər siyasi karyerasında üç dəfə Pəncabın baş naziri vəzifəsində çalışıb və tarixin işinə bax - 11 aprel 2022-ci ildə Pakistanın baş naziri seçilib. O 11 aprel ki İslamabadda Vaşinqton-Tehran danışıqları baş tutub. Şahbaz Şərif korrupsiya ittihamı ilə mühakimə olunan sabiq baş nazir Nəvaz Şərifin kiçik qardaşıdır. İnqilabi şeirlərdən sitat gətirməsi ilə gündəmə gələn Şahbaz Şərif Pakistan Müsəlman Liqasının lideri olub. 70 yaşlı Şərif həm də ailəsindən miras qalan ölkənin aparıcı polad şirkətlərindən birinin sahibidir. 2019-cu ildə Şahbaz Şərifə qarşı “çirkli pulların yuyulması” ittihamı ilə cinayət işi açılıb və onun bəzi mülkləri müsadirə edilib. 2020-ci ildə həbs edilən və bir müddət həbsdə qalan Şahbaz Şərif daha sonra zaminə buraxılıb. Qardaşından fərqli olaraq o, rəqibləri ilə anlaşa bilən, ordu və müxalifətlə yola gedən çevik siyasətçi kimi tanınır. Şahbaz Şəriflə işləmiş dövlət rəsmiləri və jurnalistlər onu zəhmətkeş idarəçi kimi xarakterizə edirlər.
Müşərrəfin etdiyi pislik və...
Pakistanlı analitik Mujib-ur-Rəhman Şaminin sözlərinə görə, Şahbaz Şərif həqiqətən də zəhmətkeş və məqsədlərinə çatmaqda qətiyyətli şəxsiyyətdir. O, Pəncabda yaratdığı effektiv komanda ilə yaxşı idarəçilik nümayiş etdirib, vilayətin baş naziri kimi ilk müddətində bir sıra layihələrin təşəbbüskarı olub. Lakin 1999-cu ildə Baş Qərargah rəisi Pərviz Müşərrəf hərbi vəziyyət elan etdikdən sonra bunlar dayandırılıb. Şaminin sözlərinə görə, Pərviz Müşərrəf bir dəfə “Şahbaz Şərif baş nazir olsaydı, daha yaxşı olardı” demişdi. Lakin sonra iki qardaş Müşərrəfin təyyarəsini qaçırmaqda və dövlətə xəyanətdə ittiham olunublar. Şamiyə görə, irəli sürülən ittihamların heç biri sübuta yetirilməyib.
Yeri gəlmişkən, Şahbaz Şərif təhsil və səhiyyə sahələrində silsilə layihələrin təşəbbüskarı olub. Bununla belə, onun öncül olduğu və siyasi irsinin bir hissəsi hesab edilən iki böyük layihə əvvəlcə kəskin tənqidlə üzləşmişdi. Bunlardan biri Lahorda tıxacları aradan qaldırmaq üçün planlaşdırdığı metrobus idi. Həmin vaxt müxalifətdə olan İmran Xan buna qarşı çıxıb və onu “vəhşi cəngəllik avtobusu” adlandırmışdı. Şərif “narıncı xətt” qatarının maliyyələşdirilməsi ilə bağlı da tənqidlərlə üzləşib. Müxalifət layihənin hətta hökumətin subsidiyaları ilə həyata keçirilməsi üçün çox baha olduğunu iddia edirdi. Lakin bu layihə reallaşıb və hələ də fəaliyyətdədir.
Pakistanla müttəfiqliyin sirri
Şahbaz Şərif və ölkəsi şübhəsiz ki, Azərbaycan üçün dost, müttəfiqdir. Pakistan Qarabağın işğalı səbəbindən Ermənistanın müstəqilliyini tanımayan müsəlman ölkəsi olub. İstər birinci, istərsə ikinci müharibələrdə, eləcə də atəşkəs dövründə Pakistan Azərbaycanı siyasi-hərbi cəhətdən dəstəkləyib. Qonşuluqda olan şiə ölkəsi İrandan fərqli olaraq, coğrafiyamızda uzaqda yerləşən Pakistan Azərbaycanı ardıcıl olaraq dəstəkləyib. Bu ölkənin keçmiş liderləri də, hazırkı rəhbəri Şahbaz Şərif də Azərbaycanı sevən biridir. Bu gün münasibətlərimiz müttəfiqliyə çevrilib. 28 may 2025-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçında bir araya gəliblər. Liderlər Laçın Beynəlxalq Hava Limanının açılışında iştirak edib. Həmçinin liderlər Xankəndidə olublar. Hətta Xankəndi görüşü zamanı maraqlı dialoq yaşanıb. Yayılan kadrlara əsasən, İlham Əliyev türkiyəli həmkarına əli ilə işarə edərək hotel tikintisi barədə məlumat verir. Söhbətə qoşulan Şahbaz Şərif isə “Bir mənzil Ərdoğana, bir mənzil də mənə” deyərək zarafat edir. Əliyev isə gülərək “əlbəttə” cavabını verir.
Bu gün dövlətlər arasında bütün sahələrdə əməkdaşlıq var, ordularımız birgə hərbi təlimlər keçirir, Bakı və İslamabad biri-birini bütün siyasi platformalarda müdafiə edirlər. Bu da Azərbaycanın uduşudur ki, bir nüvə dövləti və bir NATO - Pakistan və Türkiyə kimi səmimi müttəfiqlərimiz var. Ancaq bu sual həmişə aktualdır ki, Pakistan Azərbaycanı niyə belə çox sevir və münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəlib...
Ümumiyyətlə, Pakistanın tarixən türklərə qarşı xüsusi sevgisi olub. Çünki Birinci Dünya müharibəsində Osmanlı Türkiyəsinə qarşı vuruşanların əksəriyyəti Britaniyanın müstəmləkələri idi. O vaxt Hindistan yarımadasında olan müsəlmanlar türklərə güllə atmaqdan imtina etmişdilər.
Digər bir məşhur fikir isə odur ki, XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılıb. O zaman mesenat Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb Pakistan ərazisinə göndərib. Bununla da pandemiyanın qarşısı alınır və qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra faktı tarix dərsliyinə daxil edib. Ona görə də nə biz, nə onlar yaxşılıqları unuduruq...musavat.com