Böyük türk dünyasının görkəmli dövlət xadimi olan Ulu Öndər Heydər Əliyevi Azərbaycan xalqının tarixi şərəfli bir irsi kimi davam etdirmək hər bir azərbaycanlının mənəvi borcudur

Böyük türk dünyasının görkəmli dövlət xadimi olan Ulu Öndər Heydər Əliyevi Azərbaycan xalqının tarixi şərəfli bir irsi kimi davam etdirmək hər bir azərbaycanlının mənəvi borcudur
Heç kəsə sirr deyil ki, Azərbaycan iqtisadiyyatının inkşafı və müasir mərhələyə çatması məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin parlaq nəticəsidir. Heydər Əliyev Azərbaycana rəhbərliyin birinci dövründə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. 1969-cu ilin iyul plenumunda onun Azərbaycanın rəhbəri seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olunmasıdır. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir.
Azərbaycan ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanıb. Müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və onu həyata keçirmək güclü dövlət siyasətinin və eyni zamanda, milli liderin olmasını tələb edib. Məhz dövlət müstəqilliyini qoruyub saxlamaq, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, ölkənin ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq və digər ümummilli məqsədlər Azərbaycan xalqının təkidli tələbindən sonra 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin gərgin və qətiyyətli əməyi sayəsində mümkün olmuşdur.
Heydər Əliyev böyük bir şəxsiyyət kimi cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bütün zəruri tədbirləri həyata keçirmişdir. Böyük öndərin irəli sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini və müasir dəyərləri özündə birləşdirən yeni inkişaf strategiyasının təməlini təşkil etmişdir. İctimai-siyasi sabitlik bu strategiyanın əsas dayaqlarından biri kimi çıxış etmişdir. Əlbəttə ki, sabitliyə nail olmadan yeni və daha mütəşəkkil idarəetmə sisteminə keçidi reallaşdırmaq mümkün deyildir. Bu gün ciddi əsaslara malik ictimai-siyasi sabitliyin hökm sürdüyü, iqtisadiyyatı inkişaf edən, əhalinin etibarlı sosial müdafiəsini təmin edən müstəqil Azərbaycan xarici siyasət sahəsində də fəal diplomatik əlaqələrə malikdir. Heydər Əliyev respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təlimatçısı kimi dəyərləndirilmiş, güclü sahibkarlar təbəqəsinin cəmiyyətdəki mövqeyinin güclənməsinə çalışmışdır. Dövlət sahibkar münasibətlərinin institusionallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması biznes mühitinin liberallaşmasına öz müsbət təsirini göstərmişdir.
1993-2003-cü illərdə Azərbaycanda həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın Azərbaycan modelinin formalaşmasına zəmin yaratmışdır. Ulu öndərin iqtisadi irsinə əsaslanan bu modelin əsas xüsusiyyətləri iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan strateji qərarların qəbul edilməsi, inkişaf üzrə müəyyən edilən istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, sosialyönümlülük, beynəlxalq təcrübəyə arxalanma, milli mentalitetin nəzərə alınmasıdır.
Azərbaycanda kənd təsərrüfatında olan durğunluq aradan qaldırılmış, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərüffat dövrüyyəsinə cəlb olunması, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul olunmuş islahatlar bu inkişafa xeyli təkan vermişdi. 1996-cı il iyulun 16-da “Torpaq islahatı haqqında” mühüm qanunlar qəbul edildi. Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahə ilə əlaqədar olan 100-dən yuxarı normativ-hüquqi akt qəbul olunmuşdur. Ulu öndərin xalqımız qarşısında tarixi xidmətlərindən biri də davamlı inkişaf yoluna qədəm qoymuş Azərbaycanın dövlət müstəqilliyini daha da gücləndirilməsinə xidmət edən layiqli davamçısını yetişdirməsidir. Böyük türk dünyasının görkəmli dövlət xadimi olan Heydər Əliyevi Azərbaycan xalqının tarixi şərəfli bir irsi kimi davam etdirmək hər bir azərbaycanlının mənəvi borcudur. Bu gün yüksək təfəkkür, zəngin dövlətçilik təcrübəsinə malik, praqmatik lider Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış nailiyyətlər Heydər Əliyev irsini tamamlayır və dayanıqlı inkişafa doğru aparır.

Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
tarix müəllimi Asif Hüseynov



Oxşar xəbərlər