Bəkir Yusifov: “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik”

Bəkir Yusifov: “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Bəkir Yusifov - Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra zəngin dövlət quruculuğu kimi tarixi dövr başlamışdır. Yaranmış imkandan maksimum səmərəli istifadə, onu xalqın, millətin inkişafına, gələcəyinə, dövlətin möhkəmləndirilməsinə yönəltmək missiyası dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.

Fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.

Bəkir Yusifov: “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik”


Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir. Azərbaycanın hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.

Azərbaycan xalqının dahilik simvolu olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Ulu Öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmiz əsl demokratiya yolu ilə inkişaf yoluna çıxmışdır.

Ümummilli Lider Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətləri - ölkədə vətəndaş həmrəyliyinə nail olunması, sabitlik yaradılması, müstəqil dövlət qurulması, iqtisadi-sosial sahədə, neft strategiyasında tarixi addımlar atılması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi sahəsində gördüyü işlər Azərbaycan xalqı tərəfindən heç bir zaman unudulmayacaqdır.

Ümummilli lider fitri istedadı ilə bütün sahələrdə olduğu kimi ağır sənayenin də inkişaf yolunu müəyyənləşdirmişdir. Azərbaycanda, Azərbaycandan kənarda - mürəkkəb bir siyasi və iqtisadi şəraitdə, Sovet İttifaqının idarə aparatında işlədiyi dövrlərdə Heydər Əliyev respublikanın sənayesini, onun əsası olan metallurgiyanı unutmamış və onun inkişafı üçün həmişə kömək etmişdir. Ulu öndər xalqımıza, respublikamıza xidmətdə fədakarlıq nümunəsi olmuşdur. Hələ sovet hakimiyyəti illərində, o vaxtlar ölkəyə rəhbərlik edən Heydər Əliyevin təkidli və uzaqgörən siyasəti nəticəsində Kremlin "1976-1980-cı illərdə respublikada sənayenin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP MK-nin təkliflərinin nəzərdən keçirilməsi haqqında" qərarı Azərbaycanın iqtisadi və sosial inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Qara metallurgiya müəssisələrində, xüsusilə Azərbaycan Boruyayma zavodunda təşkilati və texniki tədbirlərin həyata keçirilməsi burada polad borular istehsalını artırmağa imkan verdi. Əlvan metallurgiya sənayesi üzrə bir neçe yeni müəssisə və istehsal sahəsi istifadəyə verildi. Respublika sənayesinin böyük müəssisələrindən biri sayılan Sumqayıt Alüminium zavodunun texnoloji avadanlığının modernləşdirilməsi, texnoloji proseslərin intensivləşdirilməsi sahəsində tədbirlər görüldü, alüminumdan və başqa əlvan metallardan yeni məhsul növlərinin istehsalına başlandı.

Metallurgiya sahəsində aparılan ardıcıl siyasəti yerinə yetirmək üçün Azərbaycan kifayət qədər xammal, avadanlıq və elmi mühəndis kadr potensialına malikdir. Ulu öndərimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı göstərdi ki, o, respublikamızın ağır sənayesi, o cümlədən metallurgiya sənayesinin inkişafındakı böyük siyasətini davam etdirir, bu işin vacibliyini dəfələrlə qeyd edir və beləliklə ölkəmizin tərəqqisini mütərəqqi sənaye sahələrinin durmadan inkişafında görür. "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başladı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi, eyni zamanda, Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması nümayiş etdirildi.

Oxşar xəbərlər