Günümüzdə baş verən dünya miqyasında hadisələrin mənfi təsirləri ölkəmizdən də yan keçmir. Qlobal problemlərdən bütün ölkələr öz nəsibini alır, istər iqtisadi-siyasi, istər sosial sahələrdə uzaqgörən islahatların keçirilməsini tələb edən durumlar yaranır.
2-ci Qarabağ müharibəsindən sonra şanlı qələbəmizi siyasi müstəvidə təsdiqləyən dövlətimiz dünyada baş verən iqtisadi problemlərdən ən az təsirlənmək, bu böhranlı vəziyyətdən çıxmaq üçün bir sıra sosial layihələr və proqramlara imza atmışdır.
Ölkəni gücləndirmək və əhalinin rifahını yaxşılaşdırmaq üçün görülən işlər haqqında ölkə başçımız prezident İlham Əliyev 10 Yanvar 2023-cü il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə bəhs etmişdir.
İnfilyasiyanın fəsadlarının yumşaldılması məqsədilə minimum əməkhaqqı 15 faiz artaraq 345 manat olmuş, bu məbləğin hələ qaneedici olmamasının səbəbi olaraq əsas xərclər istiqamətinin Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirmək olduğu vurğulanmışdır.
Bu il ünvanlı sosial yardımların verilməsi ilə bağlı şəffaflaşdırma işləri aparılmış, həqiqi ehtiyacı olan 60 minə yaxın ailə müəyyənləşdirilərək bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsinə gətirilmişdir.
Şəhid ailələri və müharibə əlilləri kateqoriyasına aid olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilmiş, İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilmişdir.
Bundan başqa ötən il başlayan Rusiya-Ukraniya müharibəsi nəqliyyat sahəsində görülən işlərin intensivliyini atrırmış, Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlərin yekunlaşması ilə nəticələnmişdir.
İqtisadi səmərəsi şübhə doğurmayan “Zəngəzur dəhlizi”nin geosiyasi leksikona daxil olması təkcə nəqliyyat layihəsi olaraq deyil, həm də ölkəmiz üçün strateji əhəmiyyətə malik olub Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı yaratmaqda əhəmiyyətli rol oynayacaq. Tarixi zərurət olan bu dəhlizin reallaşması bizim ən təbii hüququmuzdur.
Uzun illər deportasiyaya məruz qalmış Qərbi Azərbaycan icmasının hüquqlarını bərpa etmək məqsədilə beynəlxalq arenada “Qərbi Azərbaycan” mövzusunu gündəmə gətirmək Qarabağ probleminin həllindən sonra atılmış növbəti siyasi uğurlarımızdan biridir.
Neft-qaz sahəsində də uğurlara imza atan Azərbaycan üçün Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılmış, Azərbaycan qazının Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olmağı hədəflənmişdir.
Bu və digər addımlardan bəhs edən prezidentimiz real maraqlarımızın təmin edilməsi naminə həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, imkanlarımızdan ehtiyatla, stabil artan templə istifadəni əsas alan strategiyanın vacibliyini vurğulamışdır.
Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Tünzalə Məmmədova