1991-ci ildə yeniden müstəqilliyinə qovuşan ölkəmiz həmişə öz qonşuları və dünya dövlətləri ilə dostluq, barış, əməkdaşlıq və qarşılıqlı hörmət çərçivəsində münasibətlər qurmuşdur. Hətta torpaqlarımızın 20 faizini işğal edən Ermənistana qarşı dövlət başçılarımız bu işğalçılıq siyasətindən əl çəkəcəkləri və qoşunlarını torpaqlarımızdan çıxaracağı təqdirdə onların da regional enerji və nəqliyyat layihələrindən yararlana biləcəkləri çağırışını etmişdir.
Dövlətimizin sıx sosial-iqtisadi, siyasi əlaqələr qurduğu ölkələrdən biri də Albaniya Respublikasıdır. Ölkələr arasında qarşılıqlıı siyasi və işgüzar səfərlərin sonuncusu 15 noyabr 2022-ci ildə prezidentimiz İlham Əliyevin Albaniyaya rəsmi səfəri olmuşdur.
Cənab prezidentimiz bu səfər çərçivəsində Albaniya prezidenti Bayram Beqay ilə təkbətək görüşdən sonra mətbuata verdiyi açıqlamada Albaniya və Azərbaycan arasında tarixi dostluq və əməkdaşlıq əlaqələrinə toxunmuş, Albaniyanın həmişə beynəlxalq arenalarda Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyini qeyd etmişdir.
Prezidentimiz açıqlamasında bildirdi ki, 1993-cü ildən BMT-nin Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin olmasına baxmayaraq Ermənistan bu 27 ildə işğalçılıq siyasətinə davam etmiş və bunun müqabilində beynəlxalq arenalarda heç bir məhdudiyyət və sanksiya ilə qarşılaşmamışdır. Ermənistan danışıqlar masasında heç cür sülhə yanaşmadı, işğalçı təxribatlarını davam etdirdi. 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa edərək beynəlxalq hüququ bərqərar etdi.
Bu görüş zamanı prezidentlər ortaq qərara gəldilər ki, Azərbaycan-Albaniya arasında iqtisadiyyat və sənaye üzrə müştərək işçi qrupu yaradılsın və tezliklə bu qrupun ilk iclası keçirilsin.
Azərbaycan və Albaniya arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri də qaz sahəsidir. TAP layihəsinin üzvləri olan Azərbaycan və Albaniya Cənub Qaz Dəhlizinin icrasında da çox önəmli rol oynayıblar. İlham Əliyev bildirdi ki, 2027-ci ilə qədər Azərbaycandan Avropaya ixrac olunan və Albaniyadan keçən qazın həcmi həm TAP, həm də TANAP boru kəmərlərinin genişlənməsi hesabına 2 dəfə artırılacaq. Prezidentlərin görüşü zamanı ölkələrin enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyətlərinin davam etdirilməsi ilə yanaşı kənd təsərrüfatı və digər qeyri-enerji sektorlarında da qarşılıqlı investisiya qoyulması məsələləri müzakirə edilib.
Dövlət başçımız Azərbaycan və NATO arasında olan əlaqələrin günü-gündən inkişaf etdiyinə toxundu və bildirdi ki, Albaniya da bir NATO üzvü olan dövlət kimi NATO-Azərbaycan əlaqələrinə həmişə öz tövhəsini vermişdir. Azərbaycan həmişə öz beynəlxalq məsuliyyətini dərk etmişdir. Bunun da əsas göstəricilərindən biri NATO əməliyyatları zamanı NATO üzvü olmayan ölkələrdən Əfqanistana gedən ilk və oranı tərk edən son iki ölkədən biri olmasıdır.
Bəyanatın sonunda cənab İlham Əliyev Albaniya Respublikasının prezidenti Bayram Beqayı ölkəmizə səfərə dəvət etdi.
Tünzalə Məmmədova Ramazan qızı, Balaxanı qəsəbəsi 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi.